"Bıçaq gəzdirən gənc sonradan bıçaqlamağa qurban axtarır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Son dövrlərdə yuxarı sinif şagirdləri arasında insidentlərin baş verdiyinin şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu insidentlər nəticəsində yaralanma və ölüm hadisələri də yaşanır: "Təəssüf ki, bir neçə gün öncə Gəncə şəhərində bir məktəbli vəhşicəsinə qətlə yetirilib. Hələ istintaq davam etdiyindən bu barədə dəqiq məlumat vermək mümkün deyil. Ancaq bir fakt bəllidir ki, məktəbli vəhşicəsinə öldürülüb. Son 10 ildə müşahidə etsək görərik ki, insanlar əvvəlki illərə nisbətən daha çox aqressivləşiblər. Bunun bir çox səbəbləri var. Bunlardan biri də sosial şəbəkə platformalarıdır. İnformasiya bolluğu da insanların psixoloji vəziyyətinə mənfi təsir edir. Ən problemli məqam isə gənclərin "Tik-Tok" platformasında aparılan mənfi təbliğatın təsirinə düşmələridir. Kriminal avtoritetlərin yolu bəh-bəhlə tərif olunur, oğru aləminin nümayəndələri qəhrəmanlar kimi gənclərə aşılanır, zindan həyatı isə sanki 5 ulduzlu otel kimi göstərilir. Bütün bunlar gənclərə mənfi təsir edir.

Kriminal dünyanı təbliğ edən vasitələrdən biri də meyxanadır. Meyxana ifaçılarının böyük əksəriyyəti kriminala meyilli, kriminalı təbliğ edən insanlardır. Bir qismi isə hətta narkotik istifadəçiləridir. Meyxana ciddi sənət olmadığı üçün gənclər bu janrı dinləməyə daha çox meyllidirlər. Biz gənclərimizə evdə və məktəbdə kriminal aləmin sonunun zindan və ya qəbir olduğunu izah etməliyik. Gəncləri məktəblərdə nəzarətdə saxlamaq vacibdir. Kim özünü qeyri-adekvat aparırsa, dərhal məktəbin psixoloqu onunla profilaktik söhbət aparmalıdır və vəziyyəti barədə valideynlərə məlumat verilməlidir. Əgər bu fayda verməzsə, polisə məlumat verilməlidir ki, polis dəvət edərək profilaktik söhbət etsin. Bu məsələdə valideynlərin rolu çox önəmlidir. Yuxarı sinif şagirdləri qətiyyən bıçaq və digər kəsici alətlər gəzdirə bilməzlər. Bıçaq gəzdirən gənc sonradan bıçaqlamağa qurban axtarır. Belə olduqda, cinayət qaçılmaz olur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə