Nümayəndə heyəti İspaniyada keçirilən beynəlxalq konfransda iştirak edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın Valensiya şəhərində keçirilən “İnklüzivlik mədəniyyəti: incəsənət, idman və istirahət vasitəsilə həyatın zənginləşdirilməsi” adlı Yaz Konfransında iştirak edir. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Avropada Əlilliyi olan Şəxslər üçün Xidmət Təminatçıları Assosiasiyası (EASPD) tərəfindən təşkil edilən beynəlxalq konfrans əlilliyi olan şəxslər üçün sosial xidmətlər və dəstək təmin edən təşkilatların təmsil olunduğu şəbəkədir. Təşkilat əlilliyi olan şəxslərin həyat keyfiyyətini artırmaq, onların hüquqlarını müdafiə etmək və sosial inklüzivliyi təşviq etmək məqsədi daşıyır. Sosial Xidmətlər Agentliyi 2022-ci ildən EASPD-nin üzvüdür.
Yaz Konfransında sosial xidmət sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri bir araya gələrək əlilliyi olan şəxslərin səlahiyyətlərinin artırılması üçün inklüzivlik mədəniyyətinin yaradılması ilə bağlı müzakirələrdə iştirak edirlər.
Konfrans iştirakçılarının əlilliyi olan şəxslərin incəsənət və idman sahəsində müxtəlif aktiv fəaliyyətlərə çıxışının asanlaşdırılması mövzusunda sessiyalarda iştirakı da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə