"Şadlıq və digər mərasimləri daha mütəvazi həyata keçirmək lazımdır". Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, buna heç bir lüzum yoxdur: "Əksinə çalışmaq lazımdır ki, insanlar arasında münasibətlər daha etibarlı olsun, anlayışla ailə qursunlar. Dəbdəbəli toy edirlər, 1-2 ay keçməmiş boşanırlar. Bu o deməkdir ki, burada sosial göstəri xarakterli auditoriyaya hesablanmış "qonşudan geri qalma" prinsipi hökm sürür. Bu, nə cəmiyyət, nə də tədbir sahibi üçün məna kəsb edir.
Bizim cəmiyyətimizin həyatında bəzi törələr, adətə çevrilməkdə olan tədbirlər var ki, cəmiyyətə izafi xərclər yaradır, israfçılığa yol açır. Belə tədbirlərə heç bir lüzum yoxdur. Bu tədbirlərdən də biri məhz "Ciyər axşamı", nişanın toy kimi keçirilməsidir. Ancaq bəzi işbazların işinə yarayan, şadlıq evlərinin industriyasına xidmət edən, insanların, tədbir sahiblərinin büdcəsinə birbaşa təsir göstərən amillərdən biridir. Sanki dəb şəklini alıb. Göstəri xarakterli tədbirlər Azərbaycanda geniş yayılmağa başlayıb. Halbuki buna heç bir lüzum yoxdur. "Ciyər axşamı" adətən kənd yerlərində mərasim ərəfəsində, heyvan kəsiləndə, tədbirə hazırlıq zamanı işləyənlərə hazırlanmış tədbirdir. Amma indiki halda bunu şəhər mühitinə də gətirmək, hətta kəndə də gətirməyə ehtiyac yoxdur. Çünki kəndlərdə də artıq şadlıq sarayları var. Hesab edirəm ki, bu tipli tədbirlər israfçılıqdır. Mərasim sahiblərinin işinə yaramır, onların büdcəsinə zərbə vurur. Əksinə burada maraqlı olan işbazlar var, onların işinə yarayır. Onlar istəyirlər ki, bunu adət halına salsınlar. Eləcə də, xınayaxdı, nişan, digər tədbirlərlə də bağlı bu təşviqin qarşısını almaq lazımdır. Bəzən deyirlər ki, xınanı filankəs aparır, filankəsi mütləq gətirmək lazımdır. Belə yarış sanki işbazlar tərəfindən təşviq olunur. Çünki onların işinə yarayır. Uduzan tərəf isə tədbir sahibləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə