“Logistika mərkəzində sutka ərzində orta hesabla 5 ton ixrac yükləri emal olunur” - RÖVŞƏN MAHMUDOV
Hava Nəqliyyatının Baş Gömrük İdarəsinin Logistika Mərkəzində həyata keçirilən fəaliyyətlərlə tanışlıq çərçivəsində gömrük postunun rəisi Rövşən Mahmudov media nümayəndələrinə müsahibə verərək iş prosesləri barədə ətraflı məlumat təqdim edib. SİA xəbər verir ki, R.Mahmudov jurnalistlərin hazırda logistika mərkəzində həyata keçirilən əməliyyat prosesləri ilə yaxından tanış olacaqlarını bildirib.
Qeyd olundu ki, logistika mərkəzi ümumilikdə idxal, ixrac və tranzit-transfer daşımaları çərçivəsində yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirir. Gömrük rəsmiləşdirilməsi risk əsaslı yanaşma və avtomatlaşdırılmış analiz sistemləri vasitəsilə aparılır. “ARA” sistemi yüklərin yoxlanılması zamanı operativliyi təmin edir və indikatorlar vasitəsilə potensial risklər barədə operativ məlumat ötürür. Bu mexanizm gömrük nəzarətinin effektivliyini artırmaqla yanaşı, yüklərin qanunvericiliyə uyğun şəkildə buraxılmasını təmin edir.
Gömrük qanunvericiliyinin tələblərinə uyğun olmayan hallar aşkar edildikdə isə yüklər müvafiq protokol əsasında Əməliyyat-Təhqiqat İdarəsinə təhvil verilir və əlavə araşdırmaya cəlb olunur.
Statistik göstəricilərə əsasən, logistika mərkəzində sutka ərzində orta hesabla 80 ton idxal, 5 ton ixrac və müəyyən həcmdə tranzit-transfer yükləri emal olunur. Burada müxtəlif kateqoriyalara aid — qida məhsulları, elektronika, geyim və digər istehlak malları daxil olmaqla geniş çeşiddə yüklər yoxlamadan keçirilir və müvafiq prosedurlara uyğun şəkildə rəsmiləşdirilir.
Bu proseslər gömrük nəzarətinin şəffaflığını, təhlükəsizliyini və operativliyini təmin etməklə yanaşı, beynəlxalq ticarət dövriyyəsinin fasiləsiz və sistemli şəkildə həyata keçirilməsinə xidmət edir.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB