2026-cı ilin dövlət büdcəsində hansı yeniliklər var? - İQTİSADÇI AÇIQLADI

"2026-cı ilin dövlət büdcəsi Azərbaycan müstəqillik dövrünün ən böyük büdcəsi olacaq. Nəzərə alsaq ki, büdcə gəlirləri və xərcləri artıq əvvəlcədən müəyyən olunub, bu da ümumi şəkildə dövlətin iqtisadi və sosial siyasətinə mühüm təsir göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2026-cı il üçün 41 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur və bu vəsait əsasən ölkənin əsas iqtisadi və sosial prioritetlərinə uyğun şəkildə yönləndiriləcək:

"Növbəti ildə də milli təhlükəsizlik və müdafiə sahəsi əsas istiqamətlərdən biri olaraq qalır. Bu sahəyə təxminən 8,16 milyard manat ayrılması planlaşdırılır. İqtisadi fəaliyyət sahəsinə isə təxminən 7,16 milyard manat ayrılması planlaşdırılıb. Bu məbləğin bir hissəsi, yəni 3.5 milyard manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək, qalan hissəsi isə digər iqtisadi proqramların həyata keçirilməsi üçün istifadə olunacaq. Eyni zamanda, sosial sahəyə 4,8 milyard manat birbaşa vəsait ayrılması nəzərdə tutulub. Ümumilikdə isə sosial xərclər üçün 17 milyard manatdan artıq vəsait ayrılacaq ki, bu da ümumi büdcə xərclərinin təxminən 42 faizini təşkil edir. Bu isə göstərir ki, 2026-cı ildə də sosial təminat və müdafiə tədbirləri dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.

Beləliklə, 2026-cı ilin dövlət büdcəsi cənab Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş milli prioritetlərə və strateji hədəflərə uyğun şəkildə tərtib olunub. Bu büdcə iqtisadi artımın davamlılığını təmin etməyə, qeyri-neft sektorunun imkanlarını genişləndirməyə, iqtisadi diversifikasiyanı sürətləndirməyə və sosial müdafiə tədbirlərini gücləndirməyə yönələcək. Qeyd edək ki, gələn il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların 58 faizə qədər yüksələcəyi gözlənilir. Bu da fiskal diversifikasiyanın genişləndiyini və büdcəyə neftdən kənar sektorlardan daha çox vəsaitin daxil olmasına imkan yaratdığını göstərir. Büdcə dayanıqlılığı baxımından bu amil olduqca vacib hesab olunur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə