Molla kəbini ilə evləndikdə əmlakdan pay düşür? - AYDINLIQ GƏTİRİLDİ

““Molla kəbini” kimi əhali arasında yayılmış anlayış hüquqi baxımdan “dini nikah” kimi təsvir olunur və belə nikahla bağlı hüquqi tənzimlənmə Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib.

Aysel Əhmədova sözlərinə belə davam edib: “Belə ki, istinad olunan Məcəllənin 1.5-ci maddəsinə əsasən dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. “Hüquqi əhəmiyyətə malik deyildir" ifadəsi, bir hadisənin və ya əməlin dövlətin qanunları və hüquqi sistemində müəyyən hüquqi nəticələr doğurmadığını bildirir. Yəni, bu hal və ya əməl, dövlətin qanuni tələblərinə uyğun olaraq rəsmi olaraq tanınmır və ona görə də hüquqi olaraq heç bir hüquq və ya məsuliyyət yaratmır.

Azərbaycan Respublikasının mövcud qanunveriliciyə əsasən ər-arvadın hüquq və vəzifələrinin yaranması üçün onlar arasında bağlanmış nikah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydiyyata alınmalıdır.

Əmlak məsələsinə gəldikdə isə, yuxarıda da qeyd olunduğu kimi, əmlakla bağlı hüquqi nəticələrin yaranması üçün də tərəflər arasında dövlət qeydiyyatından keçmiş rəsmi nikah olmalıdır. Belə ki, Dini (molla) kəbini ilə evlənən şəxslər dövlət tərəfindən hüquqi olaraq tanınmadığından, bu nikahda əldə edilən əmlakın bölüşdürülməsi və ya digər hüquqi məsələlərə dair rəsmi nikah bağlamış ər-arvad üçün nəzərdə tutulan hüquqi müdafiə və ya tənzimləmə tətbiq edilmir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə