"İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi elan etmiş Azərbaycan Respublikasında son illər uşaq hüquqlarının müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazası yaradılmışdır". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.
O bildirib ki, ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təminini nəzərdə tutan normaları inkişaf etdirilmiş, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyalara, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının «Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair” Fakültativ Protokoluna qoşulmuşdur: "Ailədə yaşamaq və tərbiyə olunmaq uşağın mühüm hüquqlarından olmaqla imkan dərəcəsində uşağın ailədə yaşaması və tərbiyə olunmasının təminini nəzərdə tutur. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaq və anlaşma tapmaqla cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Bəşər tarixində uşağın ailədə tərbiyəsindən daha üstün forması müəyyən olunmamışdır. Övladlığa götürmə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir.
Respublikanın birinci instansiya məhkəmələri tərəfindən “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə bağlı 2008-ci ildə baxılmış mülki işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi” göstərir ki, bu kateqoriyadan olan işlərə məhkəmələrdə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün baxılır. Lakin bununla bərabər bu işlərə baxılarkən məhkəmələr tərəfindən bəzi nöqsanlara yol verilməsi halları da mövcuddur.
Övladlığa götürmə barədə işlər övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aiddir. Uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin və ya qəyyumlarının yaşayış yeri üzrə məhkəmələrə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi barədə ərizələr onların faktiki yaşadıqları yer üzrə məhkəmələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə ərizələr onların müvəqqəti olduqları (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, uşaq evləri) rayonun məhkəmələrinə verilməlidir.
Övladlığa götürmə barədə ərizənin qəbulu zamanı məhkəmə ərizələrin forma və məzmununun həm həmin kateqoriyadan olan işlər üçün Mülki Prosessual Məcəllənin 346-cı maddəsində, həm də iddia ərizələrinə münasibətdə Mülki Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblərə cavab verib-verməməsini yoxlamalıdır.
Övladlığa götürmə barədə ərizəyə Mülki Prosessual Məcəllənin 150 və 347.1-ci maddələrində nəzərdə tutulan sənədlər əlavə edilməlidir.
Məhkəmələr ərizəyə əlavə olunmuş sənədlərin etibarlılığına, yəni səlahiyyətli orqanlar və vəzifəli şəxslər tərəfindən verilməsi, qüvvədə olma müddətinə xüsusi diqqət yetirməlidirlər.
Yaşayış yerindən istifadə etmək hüququnu təsdiq edən sənəd uşağı övladlığa götürmək arzusunda olan şəxsin sadəcə hər hansı dövlət və ya ictimai mənzil fonduna məxsus mənzildə qeydiyyatda olması barədə məlumatı deyil, həmçinin mənzilin icarədarının kim olması, ərizəçinin mənzilə münasibətdə statusu, mənzilin sahəsi, orada qeydiyyatda olan və faktiki yaşayanlar barədə məlumatları da əhatə etməlidir".
"Ailə Məcəlləsinin 133-cu maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanı tələb edə bilər. Əgər belə bir tələb övladlığa götürən tərəfindən verilibsə, burada cavabdeh övladlığa götürülən uşaq hesab olunur və onun hüquqlarının müdafiəsi Ailə Məcəlləsinin 51.2-ci maddəsində qeyd olunanlar tərəfindən müdafiə olunur.
Övladlığa götürmənin ləğv olunması barədə işə məhkəmə tərəfindən iddia icraatı qaydasında qəyyumluq və himayə orqanının və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə baxılır (Ailə Məcəlləsi, maddə 131.2).
Məhkəmələr yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsinə razılığın verilməsi ilə bağlı müraciətlərə baxarkən nəzərə almalıdırlar ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim etməklə qanunvericiliklə müəyyən edilmiş qaydada gedə bilər.
Uşağın övladlığa götürülməsi və övladlığa götürmənin ləğv olunması barədə işlərə baxarkən məhkəmə tərəflərin, vəzifəli və digər şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətlərin əlamətlərini aşkar edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə müvafiq olaraq bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.
Əgər övladlığa götürmə ləğv edilibsə, aliment tutula bilməz." - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə