Milli adət-ənənələrimiz nə üçün UNUDULUR? - SORĞU

Azərbaycanın zəngin adət-ənənələri əsrlər boyu xalqımızın mədəni kimliyini formalaşdırıb və nəsildən-nəslə ötürülüb. Lakin müasir qloballaşma və urbanizasiya prosesi bəzi milli dəyərlərimizin unudulmasına səbəb olur. Gənclər arasında milli bayramlar, ailə dəyərləri və xalq oyunları əvvəlki kimi geniş yayılmır, bəzi ənənələr isə zamanla arxa plana keçir. Bu prosesin qarşısını almaq və milli irsimizi qoruyub saxlamaq üçün onların yenidən canlandırılması və təbliği vacibdir. Bəs vətəndaşlar bu barədə nə düşünür? Bununla bağlı SİA vətəndaşlar arasında sorğu keçirib.

Şəhər sakini Əzizə Əliağayeva: "Hər hansı bir adət-ənənənin, bayramın yaxud da milli dəyərlərin yayılması üçün təbliğat xarakterli işlər aparılmalıdır. Həmçinin o bayram adət-ənənələrini biz əqidəcə çox möhkəm yaşamalıyıq. Halbuki bizim indiki dövrdə populyar mədəniyyətin inkişafına uyğun olaraq gənclər adət-ənənələrdən ayrılır. Belə deyə bilərik ki, biz 1990-cı illərin klassik hekayələrini oxuyan zaman onların təsiri çox gözəldir. 1990-cı illərlə 2020-ci illər arasında il cəhətdən çox da fərq yoxdur. Amma dəyişiklik cəhətdən fərq yoxdur. İndi bu dəqiqə sosial şəbəkələrdə milli dəyərlərimizdən fərqli olaraq Avropanın təsirləri gəncləri uzaqlaşdırır. Bizim lap əvvəllərdən milli dəyərlərimizin yaşadığımız ailə problemləri olsun, ailə funksiyaları olsun və s. onların hamısını indiki gənclər Avropa ideologiyaları ilə danışmağa başlayır".

Şəhər sakini Nailə Sultanova: "İndiki zamanda ənənələr bir yana qalsın, ümumiyyətlə insanlar çox dəyişib. Bir də ki, hal-hazırdakı vəziyyətdə gənclər çox dəyişib. Mənim fikrimcə, bunların səbəbləri gənclərə düzgün verilməyən tərbiyədir. Onun üçün ənənəvi milli dəyərlərimiz də gedir, arada olan hörmətlər də. Ortada heç bir şey qalmayıb. Hazırda isə bayramları kim necə istəyir elə də keçirir".

Şəhər sakini Həsən Məlikov: "Milli adət-ənənələrdən daha maraqlı fəaliyyətlər var. İndiki gənclərin hamısı demək olar ki, telefon və sosial şəbəkələrlə başlarını qarışdırırlar. Yəni onlarla məşğul olmaq daha maraqlıdır, nəinki milli adət-ənənələri keçirmək. Mən Novruzun bütün milli adətlərini bilirəm. Özüm də Şirvandanam. Bayramda da Şirvana gedəcəm, ailəmlə bir yerdə bayramı qeyd edəcəm. Bayram adətlərinə gəldikdə isə təbii ki, tanıyıram. Novruzun əsas adətləri olan tonqaldan atlanmaqdı, yumurta boyamaq və s. adətləri vardır".

Şəhər sakini Oqtay Vəliyev: "Mən sözün düzü gənclərin milli adət-ənənələr haqqında başqa cür düşüncələrini görməmişəm. O barədə bir fikir yürüdə bilmərəm. Ancaq qaldı ki lap qədimdə olan adətlərə, təbii ki, indi adətlərimiz fərqlidir. Regionlarda olan ənənələr bir az daha sadələşib. Biz uşaq vaxtı olan zaman qapıya papaq atmağa gedirdik. Bu, Novruz bayramının adətidir. Amma indi belə şeyə rast gəlinmir. Bunun əsas səbəbi kimi mən maddi vəziyyəti nümunə gətirə bilərəm. Çünki hər kəsin evində bilmək olmur axı Novruz bayramını qeyd etmək üçün imkanı var, ya yox. Belə qalanda isə hər şey öz qaydasındadır. Sadəcə, əvvəlki Novruz ab-havası yoxdur".

Şəhər sakini Aytən Əliyeva: "Milli adətlərin unudulmasında qlobalizasiya prosesləri baş verir. Bunun nəticəsi olaraq isə biz digər mədəniyyətləri mənimsəyirik. Yeni nəslin gəncləri isə adətlərə qismən olsa da üstünlük verdiyinin şahidi oluruq. Bu gün isə yaşlı nəslin adətlərə sadiq qalması haqqında düşünmüşəm. Mən özüm də orta yaşlı bir insanam. Lakin Novruz bayramının elə adətləri vardır ki, onu yeni öyrənirəm. Yəni biz qədim zamandan nəyisə itirə-itirə gəlirik. Çünki bunun səbəbi odur ki, əgər biz nənə-babamızdan hansısa adəti öyrənirik və həmin adət bizə tam versiyada çatdırılmır. Zamanla təbii ki, bu, özünü göstərir. Adətləri artıq müxtəlif cür formalarda icra olunmağa başlayır".

Şəhər sakini İsvahan Əhmədov: "Novruz bayramı qədim zamanlardan bu günə qədər bir çox adət-ənənələri ilə yadda qalıb. Lakin zaman keçdikcə bəzi adətlər unudulub və ya dəyişikliklərə məruz qalıb. Məsələn, "Qulaq falı" adəti indi geniş yayılmasa da, bir vaxtlar çox məşhur idi. İnsanlar axşam vaxtı qonşuların qapısına qulaq verər, eşitdikləri ilk sözə əsasən gələcəkləri barədə yozum edərdilər. Başqa bir unudulmuş adət "Süsən-sünbül" bayramıdır. Bu, Novruzdan əvvəl qeyd olunan bir gün idi və əsasən uşaqlar üçün nəzərdə tutulurdu. Onlar qapı-qapı gəzib pay toplayar, müxtəlif oyunlar oynayardılar. Lakin indi bu adətlərin demək olar ki, heç birinə rast gəlmək mümkün deyil".

Şəhər sakini İlham Abbasov: "Əvvəllər Novruz bayramı daha geniş şəkildə, xüsusi mərasimlərlə qeyd olunurdu. İnsanlar bayrama aylar öncədən hazırlaşar, hər evdə böyük şənliklər qurulardı. Qonşuluqda hər kəs bir-birinə pay aparar, küsülülər barışardı. Novruz axşamları süfrə başında böyüklər nağıllar danışar, qədim inanclarla bağlı söhbətlər edilərdi. Bayram günü təkcə ailə daxilində yox, bütün kənd və şəhər camaatı bir yerə yığılaraq müxtəlif oyunlar, yarışlar keçirərdi. İndi bəzi ənənələr unudulub, Novruz əsasən ailə daxilində qeyd edilir, əvvəlki qədər kütləvi şənliklər isə azalıb".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə