Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Ramana qəsəbəsi, Tural Əsgərli küçəsi ünvanı (337 nömrəli orta məktəb) üzrə yeni ərazi partiya təşkilatı təsis edib. SİA xəbər verir ki, Təsis iclasında çıxış edən YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb. Ulu Öndər Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirmiş və özünün dediyi kimi “dünənin, bu günün və gələcəyin partiyası” səviyyəsinə yüksəltmişdir.
337 nömrəli orta məktəbin direktoru Naimə Əliyeva qeyd edib ki, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqlik ilə layiqincə yerinə yetirilib. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində Naimə Əliyeva yekdilliklə ərazi partiya təşkilatının sədri, Vəfa Əliyeva isə sədr müavini seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə