"Özünüz üçün kiçik mükafatlar təyin edin" - PSİXOLOQ İZAH ETDİ

"Təxirə salmaq (prokrastinasiya) bir vərdiş kimi görünsə də, uzunmüddətli və xroniki hala gəldikdə psixoloji problemlərin əlaməti də ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib.

Psixoloq bildirib ki, insan bir işin vacibliyini dərk etdiyi halda onu gecikdirirsə və bunun qarşısını ala bilmirsə, deməli, bu davranışın altında daha dərin psixoloji səbəblər dayanır: "Düzdür, təxirə salmaq rəsmi olaraq bir xəstəlik hesab edilmir, lakin bəzən psixi pozuntularla əlaqəli ola bilər. Psixoloji tədqiqatlar göstərir ki, xroniki təxirə salma diqqət əskikliyi və hiperaktivlik pozuntusu, həyəcan-təşviş pozuntusu, depressiya, perfeksionizm kimi psixoloji problem səbəbi dən yarana bilər. Təxirə salmaq hər kəsdə müşahidə edilə bilən adi bir vərdiş olsa da, davamlı və kontrololunmaz hala gəldikdə peşəkar psixoloji müdaxiləyə ehtiyac duyula bilər.

Bəzən, motivasiya çatışmazlığı, vaxtın effektiv idarə edilməməsi, konsentrasiya problemi də təxirə salmağa səbəb ola bilər. Əgər insan təxirə saldığını bilir, lakin bunun qarşısını ala bilmirsə, bir çox strategiyalar var ki, onlardan istifadə edə bilər. Belə ki, əgər bir tapşırıq çox çətin və yorucu görünürsə, sadəcə 5 dəqiqə onun üzərində işləməyi özünüzə söz verin. Çox vaxt bu, işə başlamağa və davam etməyə kömək edir. Çox böyük görünən işləri kiçik addımlara ayırmaq və onları bir-bir yerinə yetirmək daha effektivdir. Məsələn, “Bir məqalə yazmalıyam” demək əvəzinə, “Başlığı yazım, giriş hissəsini hazırlayım” kimi konkret addımlar müəyyən edin.

Pomodoro texnikasından istifadə edə bilərsiz. Bu texnikaya görə, 25 dəqiqə işləyib 5 dəqiqə fasilə verirsiniz. Beynimiz qısa vaxt ərzində tapşırığa daha yaxşı fokuslanır. Özünüz üçün kiçik mükafatlar təyin edin. Məsələn, “Bu işi bitirsəm, özümə bir fincan sevdiyim qəhvəni alacağam” kimi mükafatlandırmalar tətbiq edin.

Gündəlik planlar tərtib edin və ən vacib işləri önə çəkin. Hər gün 3 əsas iş müəyyən edin və onları görməyə fokuslanın. Diqqətinizi yayındıran amilləri aradan qaldırın və rahat bir iş mühiti yaradın. Əgər təxirə salma həyat keyfiyyətinizə ciddi təsir edirsə və bu vərdişi özünüz idarə edə bilmirsinizsə, bir psixoloq və ya psixoterapevtin dəstəyindən istifadə etmək faydalı ola bilər. Təxirə salmaq xəstəlik olmasa da, xroniki hala gəldikdə insanın peşəkar və şəxsi həyatına ciddi mənfi təsirlər göstərə bilər. Əgər bir insan bunun fərqindədirsə, lakin qarşısını ala bilmirsə, təxirə salmanın əsas səbəblərini anlamalı və onunla mübarizə aparmaq üçün strategiyalar tətbiq etməlidir. Kiçik addımlarla başlamaq, öz işini planlaşdırmaq, motivasiya yaratmaq və psixoloji dəstək almaq təxirə salmanın öhdəsindən gəlmək üçün effektiv yollar arasındadır. Əsas prinsip “İndi başla, kiçik addımlarla irəlilə və mükəmməllik barədə düşünmədən tamamla” olmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə