Fəaliyyətə başlamasının 10 ili tamam olan Bərdə regional “ASAN xidmət” mərkəzinə bu müddət ərzində 3 milyondan çox müraciət edilib. SİA xəbər verir ki, bununla bağlı statistika regional “ASAN xidmət” mərkəzinə təşkil olunan mediaturda açıqlanıb.
Qeyd olunub ki, Bərdə regional “ASAN xidmət” mərkəzi 2015-ci il martın 29-da fəaliyyətə başlayıb. Mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay, Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
Bildirilib ki, mərkəzin 10 illik fəaliyyəti ərzində 3 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Eyni zamanda, mərkəzin fəaliyyət dövründə 300 nəfərdən çox könüllü məzun adını qazanıb.
Bərdə "ASAN xidmət" mərkəzində vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş tutumu 34 nəfər olan ASAN kafe, uşaq əyləncə mərkəzi və ana-uşaq otağı da mövcuddur.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşların qurumun fəaliyyətindən məmnunluq əmsalı maksimum səviyyədədir:
“2015-ci ilin məhz bu günü ölkə başçısının iştirakı ilə Bərdədə “ASAN xidmət” mərkəzinin açılışı olub. Bu gün bizim üçün ən vacib statistika ondan ibarətdir ki, ölkə üzrə vətəndaşların məmnunluq əmsalı 99,9 faizdir. Artıq on ildir ki, fəaliyyət göstərən Bərdə regional “ASAN Xidmət” mərkəzində də bu göstərici eynidir”.
Xatırladaq ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2015-ci il martın 12-də baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə