Falçılıqla məşğul olanlar NECƏ CƏZALANACAQ? - AÇIQLANDI

"Son zamanlar yalançı, dələduz falçıların özfəaliyyəti hüquq-mühafizə orqanlarının da diqqətini artırmaqdadır.
Qızı ərə getməyən, oğlu iş tapmayan, uşağı olmayan, əri içki düşkününə çevrilən, əri xəyanət edənlərin mədət umduğu yer falçılardır. İnsanlar öz bədbəxtliklərini qabaqlamaq üçün onlara üz tuturlar. Cəmiyyətdə günü-gündən daha çox qarşımıza çıxan bu qədim adətin, inancın səbəbi, əlbəttə ki, cəhalətdir". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda falçılığa qarşı daim mübarizə aparılır: "Falçılığ dini xurafatın elementidir. Falçılıq fırıldaqçılıqdır.

Bu ad altında insanları aldadaraq onların əmlakını, vəsaitini əlindən almaq, mənimsəmək Cinayət Məcəlləsində və digər hüquqi aktlarda öz əksini tapıb".

Fariz Əkbərov sözlərinə belə davam edib: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüqquqlarını əldə etmə - dələduzluq cinayətinin əlamətləridir. Falçılar insanların onlara göstərdiyi etibardan sui-istifadə edirlər. Xəstəni müalicə edəcəyi, itkin insanı tapacağı vədini verən şəxs bütün hallarda qarşı tərəfi aldatmış sayılır. Məqsəd yenə də haqsız qazanc təmin etmək, başqasının əmlakını ələ keçirməkdir.

Belə ki, zərərçəkmiş şəxs ya aldadılması faktını, ümumiyyətlə, qəbul etmir, qəbul etdiyi təqdirdə isə ictimai qınaqdan çəkinərək müvafiq qurumlara şikayət etmir. Nəticədə bu cür işbazların hərəkət arealı genişlənir və zərərçəkmişlərin sayı artır.

Falçılıq adı altında dələduzluqla məşğul olanlar ifşa olunmalıdır. Vətəndaşlarımız da məlumatlı olmalıdırlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə