“Dostluq” kinoteatrının binasının yenidən qurulması ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Memarlar İttifaqında keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və sonrakı istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üzrə müsabiqənin münsiflər heyətinin iclası keçirilib. Bu barədə SİA-ya Memarlar İttifaqından məlumat verilib.

Müsabiqənin məqsədi və əhatə dairəsi

Müsabiqə binanın ərazisinin istifadəsinə dair ən optimal təkliflərin müəyyən edilməsi məqsədilə elan edilib və mülkiyyətçinin binadan istifadəyə dair yekun qərar qəbul etməsi üçün tövsiyə xarakteri daşıyır.

Müsabiqəyə aparıcı memarlıq büroları, dizayn studiyaları və müstəqil mütəxəssislər də daxil olmaqla xeyli sayda iştirakçı cəlb olunub. Təqdim olunan layihələr kreativliyi və innovativ yanaşmaları ilə fərqlənib.

İştirakçılar və təqdim olunan layihələr

Münsiflər heyəti üzvləri müsabiqəyə ümumilikdə 86 ərizənin daxil olduğunu, onlardan 19 iş təqdim edilərək qaliblərin müəyyən olunması üçün Münsiflər heyətinin müzakirəsinə verildiyini qeyd ediblər. Müzakirələr nəticəsində münsiflər heyəti açıq səsvermə yolu ilə aşağıdakı nəticəyə gəliblər:

Qaliblərin müəyyən edilməsi - mükafat fondu və yerlər

I yer – Qalib diplomu, 5000 manat pul mükafatı və gələcəkdə layihə üzərində müəllif hüququnda iştirak etmək – Jgenti Nani.

II yer – Qalib diplomu və 3000 manat pul mükafatı – Məmmədli Elçin, Ağayev Gursel.

III yer – Qalib diplomu və 1500 manat pul mükafatı – Bəylərov Elin, Məmmədova Fidan, Qafarov Orxan, Hətəmov Ruslan, Vəliyeva Lalə.

Müsabiqənin bütün iştirakçıları Azərbaycan Memarlar İttifaqı tərəfindən müvafiq sertifikatla təltif olunurlar.

Layihələrin qiymətləndirilməsi və münsiflər heyəti

Qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələrin qiymətləndirilməsi üçün Azərbaycanın Əməkdar memarı, “XM Arxstudiya” Memarlıq və dizayn şirkətinin təsisçisi və direktoru Xəlil Cəfərov, Azərbaycanın Əməkdar memarı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Səbinə Hacıyeva, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Ərazinin planlaşdırılması və İnkişafı şöbəsinin Mühəndis təminatı sektorunun böyük məsləhətçisi Orxan Əliyev, Azərbaycanın Əməkdar memarı, AMİ Peşəkarlıq Etikası Kollegiyasının sədri Rasim Babakişiyev, Azərbaycanın Əməkdar memarı; “AMİ Proyekt” Yaradıcı Memarlıq Layihə Birliyinin baş memarı Kamal Musaxanov münsiflər heyətində yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə