Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub

Xocalıda sakinlərə evlərinin açarları təqdim olunub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 15-də Xocalı şəhərində, Xocalı rayonunun Ballıca kəndində və Şuşa şəhərində ümumilikdə 28 ailə olmaqla, 135 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Xocalı rayonunun Ballıca kəndində keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək onlara xoşbəxt və firavan həyat arzulayıb. Bildirib ki, Xocalı şəhəri bu gün artıq ümidlərin, arzuların məkanıdır. Otuz ildən çoxdur ki, işığı sönmüş evlərdə çıraqlar yanır, gülüş səsləri eşidilir. İndiyədək Ballıca kəndinə ümumilikdə 68, Xocalı şəhərinə isə 52 ailə köçürülüb. İşğaldan azad olunmuş ərazilərə köç prosesi 2025-ci ildə də mərhələli şəkildə davam etdiriləcək.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 mindən artıq insan yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə