"Azərbaycanda boşanmaların əsas səbəbkarları qadınlardır" - MÜSAHİBƏ

Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Məlumdur ki, bugün cəmiyyəti düşündürən məsələlərdən biri məhz boşanmaların sayının durmadan artmasıdır. Sizcə, buna rəvac olan amil nələrdən ibarətdir? Çıxış yolları olaraq nə düşünürsünüz?

- Bugün cəmiyyətimizdə boşanma hallarının çoxalması həqiqətən də çox kədərləndirici bir amildir və bunun bir neçə səbəbi var. Yəni, eyni səbəbdən deyil. Başlıcası odur ki, həyatımızda internet deyilən bir şey var və sosial şəbəkələrdəyik. 90-cı illərdən başlayaraq biz serial izləyirik.

Ötən ilin 10 aylıq statistikası açıqlandı və 37 minə qədər qurulan ailələrin 16 minə qədəri boşandı. Hər qurulan iki ailədən biri boşanır. Bu boşanmalara qədər "biz hansı yollardan gəlmişik?","hansı problemlərlə üzləşmişik?", "biz niyə bugünə qalmışıq?", "biz niyə ailə institutunu dağıdırıq?", "niyə ailə dəyərlərimizin üzərindən xətt çəkirik?". Həyatımızı qoymuşuq bir kənara, sosial şəbəkələri həyatımızın ən böyük başlıca amili etmişik. Sosial şəbəkələrdəyik, telefon əlimizdədir. Bunlardan bir saniyə də kənara çıxmırıq. Telefonu yerə qoyuruq, seriallara baxırıq. Baxdığımız seriallar çox təəssüf ki, öz ölkəmizin mentalitetinə, milli dəyərlərinə aid deyil. Başqa xarici dövlətlərin seriallarını izləyirik. Bu seriallarda bizə göstərilir ki, burada şahşahalı həyatlar var, qadınlı-kişili hər kəs bahalı maşınlar sürür, səhər yeməyini, günorta yeməyini, şam yeməyini bahalı yerlərdə yeyirlər, bahalı firmalardan paltarlar geyinirlər. Sanki şüurumuz çatmır ki, bu filmdir. Bu filmi çəkib aktyorlar pul qazanırlar, biz isə onlara baxıb özümüzü məhv edirik. Axı bu həyat deyil. Azərbaycanın gözəl dəyərli filmləri var. Onu anlamaq lazımdır ki, film həyat deyil. Bu kiminsə istehsal etdiyi bir filmdir və ondan pul qazanmaq məqsədi güdür və filmlərə də hansısa bir qüvvələr yatırım yatırır ki, insanların əxlaqlarını pozmaqdan yana, milli dəyərlərini zədələməkdən yana. Bunlara getməməliyik.

Azərbaycanda boşanmaların əsas səbəbkarları qadınlardır. Mən özüm qadın olsam da bunu deyəcəm. Bu bir faktdır ki, ailənin qorunması, bineyi-qədimdən ailə dəyərlərimizin başında bizim qadınlarımız hər zaman ailənin keşiyində duran olub, onun pozulmasına imkan yaratmayıb. Bugün qadına həyat yoldaşı deyir, "çəkil o yana" və görürsən qadın məhkəmələrdən gəlir. Uşaqları da vurur qoltuğuna gedir məhkəməyə ki, mən həyat yoldaşımdan boşanıram. Nə üçün boşanırsan? Çünki həyat yoldaşı ona seriallarda gördüyü həyatı verə bilmir.

Sosial şəbəkələrdə o bəzi başdan xarab insanlar var ki, bloggerlər, aktyorlar, müğənnilər, aparıcılar, hamısının adını çəkmək istəmirəm bəzilərini deyirəm. Xüsusilə ictimai şəxslər orada çıxırlar şahşahalar təqdim edirlər, bahalı markalardan aldıqları paltarları açıb göstərirlər, gül dəstələri, "mənə sevgilim bunu alıb" və s. Dubayın o saxta şokoladlarını açıqlayıb elan edirlər ki, "görün bizə sevgilimiz nə alıb". Bəzədilmiş maşın açarını göstərirlər. Bizim də bu şüursuz qadınlarımız həmin o oyunlara gedirlər. Yoldaşlarından onu tələb edirlər. Axı sən ailə quranda bilirdin ki, yoldaşının əməkhaqqı 1000 manatdır. Bu 1000 manat civarında sən onları necə edə bilərsən?! Bizim ailələrimizin boşanmasının əsas səbəbi ifratdır. Nizami Gəncəvi deyirdi ki, "Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da" Baxın ifratçılıq, həddindən artıq ifrat sosial şəbəkələr, ifrat seriallar, ifrat göstərişlər həyatımızda hər şeyin ifratını görmək bizi bugünkü günlərə gətirib çıxarıb.

- Boşanmaların sayının artmasının səbəblərindən biri də xəyanətlərdir. Əvvəllər kişilərin bu işə qol qoyduğu proseslər hazırda bir növ qadınların xislətinə köçürülüb. Siz bu barədə necə düşünürsünüz?

- Baxın bir serialdır. "Aşkı memnu" oturmuşuq evdə baxırıq. Mən də baxıram, qızım da baxır. Mənim müəyyən qədər yaşım, qızımın da 19-20 yaşı var. Mən o filmə baxıram onu başqa cür qavrayıram, Amma övladım başqa cür gərk edir.

Görün, nə hala gətirib qoymuşuq ki biz 150 illik tarixə malik olan mətbuatımızı sosial mediaya qurban vermişik. Mən bir ana kimi artıq hiss etməliyəm ki, bu buradan nələrisə qavrayır. Mən onun istiqamətini dəyişməliyəm, dəyişməsəm sabah "Aşkı Memnu" filmindəki "Bihtər" obrazında olacaq. Axı hər kəs övladı ilə birgə serial izləmir, işdə olur. Gənc qızlarımız izləyirlər və şüuraltına hopanlar zaman-zaman orada partlayış edir.

İndi gedək biz Türkiyəyə, və yaxud da Braziliyaya, Rusiyaya və bir küçə reportajı edək, sual verək. Sualımız ondan ibarət olacaq ki, "Siz hansı Azərbaycan filmini izləyirsiniz?". Orada bir nəfər desə ki, "mən izləyirəm", mən 35 illik jurnalistika fəaliyyətimin üstündən xətt çəkərəm və çəkilib kənarda dayanaram. Belə olan halda biz nə üçün Braziliya, Türkiyə, Rusiya seriallarını izləməliyik? Bizim televiziya məkanında nəzarət mexanizmi yoxdur. Bizdə rəqəmsal nəzarət yoxdur. Ona görə də cəmiyyətimizin sonu bundan da pisə doğru gedəcək.

İnsanın beyni ətraf mühitdə formalaşır, xüsusilə gənclərimizin beyni ağ səhifədir. Ailələrimizdə, cəmiyyətimizdə ora nə yazırıqsa bir neçə ildən sonra oradan onu oxuyuruq. Biz hər an evdə olmuruq uşaqlarımız televiziyada seriallara baxırlar, axşama qədər sosial şəbəkələrdə olurlar.

- Boşanmaların sayının artması müxtəlif üsullarla olur. İndiki reallıqlardan biri də gəlinlərin qaynana ilə bir yerdə yaşamaq istəməmələri ilə bağlıdır. Halbuki biz keçmişə nəzər salanda görürük ki, hər kəs bir ailə ocağında yığışardı, hətta gəlin bilmədiklərini qaynanasından öyrənərdi. Amma indi qızlar ailə qurmamışdan şərt kəsir ki, "Mən ailə qurandan sonra ayrıca evdə yaşayacam". Bu problemlərin kökündə nə dayanır?

- Şəxsən kişi olsaydım və hansısa bir qadın mənimlə şərt kəssə ki, "Mən sənin ananla yaşamaq istəmirəm", heç onunla ailə qurmazdım. Mən düşünərdim ki, bu normal insan deyil. Ən azından utanmaq adında bir şey var. İnsanın abrı, ləyaqəti olmalıdır ki, ağzına aldığı sözü birinci qulağı duysun, sonra ağzından çıxarsın. Belə olan halda sabah o ailə boşanarsa, mən ona təəssüf etmərəm. Çünki sən vaxtında özünü kişi kimi aparmamısan.

Qaldı ki ailələrin ailə içində yaşaması bizim bineyi-qədimdən qaynana-gəlin münasibətləri olub. Bu münasibətlərdə heç vaxt sülhə gəlməyib, problemlərin həlli düzəlməyibdir. Son zamanlar müşahidə edirəm ki, ailələr təklikdə yaşayanda onların problemləri bir o qədər olmur. Bu o demək deyil ki, sən uşaq evlənəndə aparıb başqa bir evə qoyasan, gəlib oturasan öz evində ki onlar ayrıdı. Xeyr, belə deyil. Valideyn ailənin hardasa 5-6 il təkmilləşməsi üçün həmin dövrlərdə əziyyət çəkməlidir. Ailədə olan problemlərlə maraqlanmalıdır. Ayrı yaşamaq faydalıdır. Amma şərt qoymamaq şərtilə. Məsələn, ailə qurub qaynananın yanında 3-5 il qalarsan. Sonra yoldaşının imkanı yaxşılaşar və ev alar. Ailə üstündə ailə olmaz. Onun da başqa problemləri olar.

Mənim oğlum ayrı yaşayır. Onlar bizə gələndə evdəki vəziyyəti görürəm və düşünürəm ki, biz bir yerdə yaşasaq, mən dinməyəcəm, amma içimdə xəstə olacam. Bizim yaşımız istirahət tələb edir. Bu bizdən asılı deyil. Zaman bizə diktə edir ki, sən istirahət etməlisən. Mən istirahət etmək istəyirəm, amma uşaq oynamaq istəyir, çığırır, bağırır. Onun valideynləri uşaq böyütmək yaşındadır. Ona görə də mən düşünürəm ki, qaynana-gəlin problemini həll etmək üçün müəyyən qədər ailələr ayrı yaşamalıdır. Amma valideynlərin nəzarəti ilə yaşamalıdırlar.

Mən o kişini kişi hesab etmirəm ki, əgər hansısa bir qız sənə deyirsə, "Mən sənin ananla bir yerdə yaşamaram". Bunlar mənim öz qızıma da aiddir. Deməli, mən qızıma düzgün tərbiyə verməmişəm. Əslində, mən də ürəyimin hansısa bir küncündə istəyərəm ki, qızım ayrı yaşasın. Amma onu mən qızıma diqtə etmərəm ki, sən hökmən bu iddiada ol və evlənəcəyin oğlana da belə denən. Çoxsaylı analar var ki, nəinki onu qızına diktə edir, hətta elçilik prosesində iddia edir ki, mənim qızım səninlə yaşaya bilməz. Mənim qızım ayrı yaşamalıdır. Ailə qurulmamış artıq konfliktlər başladı. Bunun da sonu təbii ki boşanmalara gətirib çıxarır.

- İndiki zamanda boşanmalar bəzən asan qazanc prinsipinə yönəlik olur. Bu yanaşma doğrudur?

- Aliment boşanan tərəfin əmək haqqının bir uşaq üçün dörddə biridir, 2-3 uşaq üçün üçdə biridir, 2-3 uşaqdan sonra da yarısıdır. Ondan sonra da uşaqlar üçün istehlak bazarına uyğunlaşır. Burada elə böyük bir məbləğ yoxdur. Amma bizim o cılız düşünən qadınlarımız o cılız məbləğlə də qənaətlənirlər ki, gedim bir ev tutum ən azından bu evin kirayə pulunu mən bununla verim.

Bizdə ötən ilin boşanmaları ən çox hansı regionumuzda baş verir? Əsas bu məsələlərə toxunmalıyıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. O artıq bugün çoxdan gedib Naftalanda oturmalıydı, işlərə başlamalıydı. Bizdə boşanmaların ən çoxunu Naftalan şəhəri təşkil edir. Sonra keçir Bakının ayrı-ayrı regionlarına ki Yasamaldır, Xətai rayonudur. Onları regionlar üzrə öyrənmək lazımdır. Burada nə baş verir? Əsasən bu dəqiqə boşanmaların çoxu Bakıdadır. Bir də Naftalan rayonu 1-ci yerdədir. Araşdırma aparmaq lazımdır ki, bu nə səbəbdəndir? Naftalanda nə baş verir ki, insanlar bu qədər boşanır? Eləcə də Bakıda.

Mən düşünürəm ki, hökmən ailə məhkəməsi yaradılmalıdır. Bütün bu ailə məsələləri boşanmaya gedib çatana qədər aydınlaşdırılsın, tövsiyələr verilsin, işlər görülsün.

- Nişanlı vaxtı yaxşı maskalanmağı bacarırlar, ya da elə boşanmaq üçün evlənirlər. Bu barədə fikirləriniz hansı yöndədir?

- Mən düşünürəm ki, istər ər-arvad, istər valideyn-övlad, istər qaynana-gəlin, istərsə də qaynana-kürəkən olsun məsafə olmalıdır. Hər bir insanın arasında məsafə olmalıdır. O məsafə pərdədir. Nə gəlini o qədər şımartmalısan, nə kürəkəni, heç övladını da. Mən qızımı nə üçün o qədər şımartmalıyam ki, o sonra istədiyi kimi geyinsin, istədiyi kimi danışsın. Düzdür, fikri var. Amma elə fikri də var ki, mən deyirəm, saxla, sən dayan, sən nə danışırsan. İstər oğlum, istər qızım olsun bu belədir. Bütün şüurlu valideynlər belə edirlər. O pərdəni gözləməlisən və çalışmalısan ki, o pərdəyə bir qələm toxunuşu qədər bir toxunuş düşməsin, açılmasın. O açılsa böyüyə-böyüyə gedəcək.

Qaldı o 3 il nişanlı olub 3 ayda boşananlara. Ötən il bizdə min nəfərə yaxın 60 yaşdan yuxarı adamlar boşanıblar. Gör, onlar neçə il bir ailədə qalıb sonra boşanıblar. Həqiqətən bizim cəmiyyətdə anormal bir situasiya var. Düşünürsən ki, 60 yaşdan yuxarı insan niyə bir-biri ilə boşansın? Demək ki, problem olanda olur və problemə də hər kəs öz şüuru, dünyagörüşü ilə yanaşır. Ona görə də istənilən şəraitdə onlar boşanmağa qapılarını aça bilirlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə