Ertələmənin psixoloji səbəbləri nədir? - AYDINLIQ GƏRİRİLDİ

“Ertələmə bir çox insanın rastlaşdığı, lakin əsasən dərin psixoloji səbəblərə bağlı olan bir davranışdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Bəzən insanlar müəyyən bir işi görməkdən çəkinirlər, çünki nəticənin mükəmməl olmayacağından qorxurlar. Bu qorxu onları işə başlamaqdan saxlayır və ertələməyə gətirib çıxarır. İşə qarşı marağın olmaması və ya məqsədin mənasız görünməsi motivasiya çatışmazlığına səbəb olur. Bu isə həmin işin davamlı olaraq təxirə salınmasına gətirir. Uğursuzluq qorxusu, tənqidə məruz qalmaqdan narahatlıq və ya uğurdan sonra məsuliyyətin artacağından çəkinmək ertələməni yaradan əsas emosional faktorlardır. İnsanlar bəzən vaxtlarını düzgün planlaşdıra bilmədikləri üçün müəyyən tapşırıqları gecikdirirlər.

Valideynlərin həddindən artıq tənqidi və ya uşağın etdiyi hər bir işi onun əvəzinə etmələri uşaqlarda özünü idarəetmə bacarığının inkişaf etməməsinə səbəb ola bilər. Bu isə ertələmə kimi bir davranış şəklində özünü göstərə bilər. Depressiya zamanı insanlarda enerjinin azalması və ümidsizlik hissi işlərin təxirə salınmasına səbəb ola bilər. Diqqət dağınıqlığı olan insanlar isə prioritetləri düzgün müəyyən etməkdə çətinlik çəkirlər.

Nə edək bəs?

Tövsiyələr:

- Böyük tapşırıqları kiçik hissələrə bölmək.

- Özünə həddindən artıq təzyiq göstərməmək.

- Məqsədləri daha aydın və realist şəkildə müəyyənləşdirmək.

- Müəyyən vaxt intervalları təyin edərək fasilələrdən düzgün istifadə etmək.

- Peşəkar dəstək üçün bir psixoloqa müraciət etməyi tövsiyə edirəm.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə