Öz fikri olmayan insanların sonu hara gedir? - PSİXOLOQ AÇIQLADI

“Həyatda öz fikri olmayan insanlar seçim azadlığı olmayan, daim nəzarət altında böyüyən, qorxu hissi, özgüvənsizlik halları yaşayan şəxslərdə, həmçinin məsuliyyətdən qaçan, komformist tipli şəxslərə aiddir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fatimə Bayramova deyib.

Onun sözlərinə görə, bu tip insanlar həqiqətən, həyatda çox çətinliklərlə qarşılaşırlar: “Əvvəla, uşaqlıq dönəminə nəzər salaq. Uşaqların seçim azadlığının və iradi keyfiyyətlərinin formalaşmasında valideynlərin rolu əvəzsizdir. Uşaqlara nəzarət şərtdir, lakin bəzi seçimləri onların özlərinə buraxmaq və ya məsuliyyətli olmaqları üçün şərait qurmaq lazımdır. Məsələn, uşaq bilməlidir ki, bu ev tapşırığı mənim məsələmdir, bu tapşırıqları mən etməliyəm, otağımı mən yığışdırmalıyam. Öz şəxsi məsuliyyətlərinin nədən ibarət olduğunu dərk etməlidir. Bunlar uşaqda məqsəd, iradə, məsələ həlli kimi xüsusiyyətlər formalaşdırır”.

Psixoloq sözlərinə belə davam edib: “Həmçinin, adi geyim seçərkən valideyn süni şərait yarada bilər, iki geyimləri fərqli rənglərdə təklif edə bilər, uşaq öz bəyəndiyini ala bilər. Və bu istiqamətdə uşaqda seçim azadlığı formalaşdırmalıdır. Yeniyetməlik dönəmində komformist tipli uşaqlar çox çətinliklərlə qarşılaşırlar. Həmin çətinliklərdən biri, pis vərdişlərə aludə olmaqlarıdır. Ətrafdakı dostları yalnış etsə onlara qoşulub o yalnışı o da təkrarlayır. Yeniyetməlik dövrü önəmli mərhələdir. Bildiyiniz kimi, beyin arxadan önə doğru inkişaf edir, planma, qərar qəbulu, məsuliyyət kimi xüsusiyyətlərə cavab verən beynin alın payı bu dövrdə tam inkişaf etməyib. Məhz valideynin düzgün tərbiyəsi ilə uşaqda bu amillər doğru yöndə inkişaf edər. Əgər valideyn yeniyetmənin seçimlərinə həddən ziyada qarışarsa, onun seçim azadlığını əlindən ala və ona "sən bacarmarsan" tipli münasibət göstərərsə bu sahə inkişaf etməz. Nəticədə yetkinlik yaşına çatdıqda bu şəxslər öz sözləri olmur, ya valideylərinin, dostlarının ya da həyat yoldaşlarının sözləri onların sözü kimi qəbul edərlər və infantil davranış forması özünü göstərir. Bu cür şəxslər öz seçim azadlıqlarını, onlarda sıxılıb qalmış travmatik halları aşkara çıxarmaq üçün psixoterapevtik yardım almalıdılar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə