DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) daha 3 beynəlxalq mükafat qazanıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, DOST RİM 100-dək ölkədən qurumların qatıldığı “FinTech Awards 2024” müsabiqəsində qalib gələrək “İlin rəqəmsal innovatoru” adına layiq görülüb.

DOST RİM, həmçinin Böyük Britaniyada yerləşən “Global Banking&Finance Review” beynəlxalq qurumunun builki “Global Banking&Finance Awards” müsabiqəsində uğur əldə edib. Mərkəzin sosial ödənişlərin proaktiv təyinatı layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və “Texnologiya liderliyi mükafatı” kateqoriyası üzrə “Azərbaycanın ən yaxşı texnologiya idarəetməsi komandası-2024” mükafatına yiyələnib.

Müsabiqədə ABŞ, Böyük Britaniya, İtaliya, Belçika, Almaniya, Türkiyə, BƏƏ və s. daxil olmaqla 100-ə yaxın ölkədən qurumlar yer alıb.

DOST RİM növbəti mükafatını “Acquisition International” korporasiyasının (Böyük Britaniya) müsabiqəsində qazanıb. Mərkəz sosial ödənişlərin proaktiv təyini mexanizmi müsabiqəsinin münsiflər heyətinin yüksək qiymətini alıb və həmin beynəlxalq korporasiyanın “2024-cü il üzrə proaktiv sosial ödəniş texnologiyalarını idarə edən qurum” adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə