“Meşə yanğınlarının 80 faizində insan faktoru rol oynayır“ - EKOLOQ FİKRİ

“Azərbaycan ərazisinin cəmi 11.8 faizi meşəliklə örtülür. Bu hesabla adambaşına 0.12 hektar meşə sahəsi düşür ki, bu da ümumdünya səviyyəsindən dörd dəfə azdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, meşə yanğınlarının əsas səbəbkarı insan faktorudur: “Buna görə də meşələrdə yanğın problemini araşdırarkən ilk olaraq insan faktoruna xüsusi diqqət ayırmaq lazımdır. Bizim ən çox meşə örtüyü olan ərazilərimiz Böyük Qafqazın cənub yamacı hissəsindədir. Qeyd edim ki, meşənin relyefinin də yanğın prosesinə təsirləri var. Burada əsas problem odur ki, meşə relyefi yanğına hazır olur. Qalın meşələrdə relyefin maililiyi az olduqda 40-45 faiz nisbətlə daha çox yarpaq kütləsi və meşə döşənəyi yığılır. Bu da yanğın üçün daha əlverişli şərait formalaşdırır.

İqlim dəyişmələri də meşə yanğınlarında mühüm rol oynayır. Belə ki, yağıntıların artdığı və daha çox ildırım düşdüyü zamanlarda da meşə yanğınlarının sayı artır. Aparılan tədqiqatlar göstərir ki, meşə yanğınlarının 80 faizində insan faktoru rol oynayır. Buna görə də bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır ki, meşə yanğınlarının qarşısını ala bilək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə