2024-cü ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub. 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb. Ölkədə 9 ay ərzində ailə quranların yarısı demək olar ki, boşanıb. Bu çox qorxunc bir göstəricidir. SİA olaraq şəhər sakinlərinə "Sizcə boşanmaların əsasında nə dayanır?", "Kim daha çox boşanmağa meyillidir: qadınlar, yoxsa kişilər?", "Əgər boşanası olsaydınız, hansı səbəbdən boşanardınız?", "60 yaşdan yuxarı yaş qrupunda olan insanların da boşanması müşahidə edilir. Bu hansı səbəbdən ola bilər və buna necə baxırsınız?" kimi suallarla müraciət etdik.
Şəhər sakini Məhəmməd Məmmədli: "İnsanlar bir-birini tanımadan evlənirlər. Mənim fikrimcə, ona görə də, boşanmalar çoxalıb. Böyük yanlışlardan biri də budur. Bir-birlərini tanıyıb evlənsələr, daha yaxşı olar. İlk səhvdə boşanmaq yerinə qarşı-qarşıya oturub problemlər haqqında müzakirələr etsələr, yaxşı olar. Bir-birlərini dinləməlidirlər. Məncə, boşanmalar bitməz, amma sayı azalar. Mənim fikrimcə, ailədə güvən əsas rol oynayır. Ailə fərdləri bir-birinə inanmalıdır. Güvən olmasa, digər şeylərin önəmi yoxdur. Mən boşanmalı olsaydım, bu ailəni qorumaq üçün birinci növbədə çox düşünərdim, düzəlməsə heç nə mən də məcbur boşanardım".
Şəhər sakini Elnur İsmayılov: "Boşanmaların əsas səbəbi maddiyyat problemi, bir-birlərini anlamamaqdır. Ən əsası isə maddiyyatdır. Xanımların dözümü azalıb. Boşanmaq istəyənlərin çoxu xanımlardır. Bir xanıma sual verirlər ki, "Siz nə vaxt xoşbəxt olmusunuz, Sovet vaxtında, yoxsa indi? Xanım cavab verib ki, Sovet vaxtında". Çünki o zaman istəklər az idi. Amma indi xanımların istəkləri çoxalıb. Çeşid çoxdur və maddiyyat çatmır. Kişilər də bunu qarşılaya bilmirlər və problemlər yaşanır. Gərək cütlüklər bir-birini 3-4 il tanısınlar. Ümumiyyətlə, xanım ali savadlı olmalıdır. Ali savad istər-istəməz ailənin dağılmasının qarşısını alır. Sözlə nəyisə həll etmək olar. İntellekt, dünyagörüşü çoxdursa, o ailə heç zaman dağılmaz".
Şəhər sakini Mehriban Şahin: "Boşanmaların əsas səbəbi yoxsulluq, pulsuzluq, maddi sıxıntılardır. Məncə, hər kəs öz ayağının üstündə dayansa, bir-birinə dəstək olsa, boşananlar olmaz. Azərbaycanda belə bir məntiq, deyim var ki, qadın evdə oturmalıdır, kişi isə işləməlidir. Məncə, qadın da, kişi də eyni səviyyədə olsa, daha yaxşı olar. Çünki bir-birinə dəstək olsalar, maddi cəhətdən də sıxıntı yaşamazlar, bir-birinə də hörmət edərlər. Azərbaycanda işsizlik çox böyük problemdir. Hara gedirsənsə, ingilis dili tələb edirlər. İndi gənclər ingilis dilini bilir, amma mənim 48 yaşım var. Bu yaşdan sonra necə bu dili öyrənim. Ona görə də, belə problemlər yaranır. Keçmişdəki ailə modeli ilə indiki arasında çox fərq var. Keçmişdə hər qadın evdə oturar, uşağı ilə məşğul olardı, amma indiki zamanda gəlinlər, qaynanalar qarşı-qarşıya dayanırlar. Yola getmirlər. Gənc xanımlar da təbii ki, gəzmək, geyinmək, yaşamaq istəyirlər. Maddi vəziyyətə görə də çatdıra bilmirlər. Nəticədə bu söhbətlər yaranır".
"Ulduz" jurnalının poeziya şöbəsinin müdiri şair Bayandur Sevgin: "Boşanmaların əsas səbəbi odur ki, televiziyalarda verilişlərdə üç arvad boşayanı çağırırlar ki, gəl boşananlara məsləhət ver. Hamısı buna görədir. Mənim 66 yaşım var. Adam bir dəfə evlənər. İndiki zamanda sosial şəbəkələr, müxtəlif televiziya kanalları, verilişlərə baxıb hamı elə başa düşür ki, belə etsələr, yaxşı həyat yaşayarlar. Amma bilmirlər ki, belə insanların sonu yoxdur. Allah özü övladlarımıza kömək olsun, ağıl versin. İnsan bir dəfə evlənməlidir. Elə adamlar tanıyıram ki, üç dəfə evlənib, hərəsindən bir uşağı var, bilmir ki, hansına baxsın. Uşağı atmaq olmur, ana da uşağı vermir. Bu cür həyat yaşayırlar. Həyata bir dəfə gəlmişik, bir dəfəni də yaxşı yaşamalıyıq. Mənə elə gəlir ki, indiki vaxtda valideynlərin heç bir önəmi yoxdur. Çünki uşaqlar valideynləri eşitmirlər. Məsələn, mənim iki qızım, bir oğlum var. Onlar ailə quranda fikirlərini dinləmişəm. Yəni valideyn övladla dost olmalıdır. Məcbur kiməsə verəndə sonunda da boşanma qaçılmaz olur".
Şəhər sakini Aynur Miriyeva: "Boşanmaların səbəbi çoxdur. Əsasən də, maddi problemlər və bir-birini anlamamaq burada rol oynayır. Biz səbrli idik, dözürdük, hər kəsdə problem ola bilər, hamının nöqsanı ola bilər. Amma biz onları keçirdik. İndiki gənclər keçmir, daha tələbkardırlar. Gənclər aqressivdir.
Qayğılar, gündəlik problemlərin çoxluğu da səbəblərdəndir. Daha çox qadınlar boşanmağa meyillidir. Çünki ailədə qadınlar aparıcıdır, ailəni quran da, qoruyan da qadındır. Yük daha çox qadınların üzərinə düşür. Həm evdə işləyirik, həm də işdə".
Şəhər sakini Fazil Rəhimov: "Boşanmamışdan əvvəl dəqiq düşünmək lazımdır. Cinsiyyət fərqi yoxdur, hər iki tərəfdə səhv ola bilər. Qarşı tərəfi anlamaq lazımdır. Ağsaqqal və ağbirçək kimi yaşlı nəsil bu problemin həllində əsas rol oynamalıdır. Gənclərin yaşlıları dinləməsini məsləhət görürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə