Aqressiv itlər, laqeyd sahibləri - ŞİKAYƏT - REPORTAJ

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Hacı Zeynalabdin küçəsi, Giriş 275 ünvanında qonşuluqda çoxlu sayda it saxlanılması, antisanitariya qaydalarına riayət edilməməsi və itlərin narahatedici səsinə görə SƏS Media Qrupunun redaksiyasına bəzi vətəndaşların şikayəti daxil olub. Şikayətçilərdən biri olan Gülnar Umbatova redaksiyamıza ərizə ilə müraciət edərək məsələnin həll olunmasını xahiş edib. Məsələni yerindəcə araşdırmaq üçün SƏS TV olaraq yollandıq deyilən əraziyə. Sayı 30-dan çox olduğu bildirilən itlər yaşayış evlərinin arasında antisanitariya şəraitində saxlanılır. Qonşular üfunət iyindən və itlərin səsindən narahat olduqlarını bildiriblər. SƏS TV-nin əməkdaşı məsələ ilə bağlı şikayətçi qonşuların və qurum rəsmilərinin fikirlərini öyrənib.

Şikayətçi Gülnar Umbatova: "Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Hacı Zeynalabdin Tağıyev küçəsinin 275 ünvanında yaşayıram. Orada bizim bağ evimiz var. Qış aylarında, həftə sonları istirahətə gedirik, yayda üç ay bağ evində oluruq. Bizim qonşuluqda Anar bəy 15-20-dən çox küçə iti saxlayır. Bu hal yaşayışımıza, eləcə də qonşularımızın yaşayışına mane olur. Gecələr itlərin hürməsinə oyanırıq. Uşağım dəfələrlə qorxub, narahat olub. Ekologiyanı pozur, antisanitariya şəraitində yaşayırıq. Özünə dəfələrlə müraciət etsək də, bir nəticə əldə edə bilməmişik. "Gedin, əlinizdən gələni edin. Heç bir iti buradan çıxarmayacağam, yerlərini də dəyişməyəcəyəm" - deyir. Lazımi yerlərə də müraciət olunub. Xəzər rayonu İcra Hakimiyyətinə və bələdiyyəyə də müraciət etmişik. Amma təəssüflər olsun ki, heç bir nəticə əldə olunmayıb. Xahiş edirəm ki, bununla bağlı tədbir görəsiniz. Biz oraya istirahətə, təmiz hava almağa gedirik. Biz getmirik ki, orada itlərin üfunət iyini alaq, yaxud da, gecələr narahatlıq yaşayaq. Bununla bağlı tədbir görülməsini istəyirəm.

Küçə itlərinin saxlanılması üçün hamımız bilirik ki, xüsusi saxlanılan yerlər var. Heç bir dövlət, qanun buna icazə verməz ki, yaşayış massivində küçə itləri saxlanılsın. Bitin, birənin içində, üfunət iyi olan yerdə yaşayırıq. Qonşular da narazıdır. Hamı şikayət edir. Sadəcə bilmək istəyirəm ki, Anar bəy kimə arxayındır? Qonşuyuq, mehribanlıqla müraciət etmişik, cavabı gedin hara istəyirsiniz deyin, əlinizdən gələni edin olub. Küçə itlərinin saxlanması təqdirəlayiqdir. Buna heç kim pis baxmır, sadəcə olaraq şəraiti, yeri olmalıdır. Yaşayış massivinə aid yer deyil. Daşı daş üstünə qoyanda icra nümayəndələri gəlir. Bəs indi niyə buna riayət etmirlər, niyə bununla bağlı tədbir görülmür?".

Şikayətçi Səlminaz Həsənova: "Biz burada yaşayırıq, uzun illərin qonşusuyuq. Amma son beş il ərzində bizim həyatımız tamamilə dəyişib. Yatmaq olmur, dincəlmək olmur, natəmizlikdir, pis qoxular gəlir. Bərbad vəziyyətdir. Gecə saat 2-3-də itlər ulayır, hamısı ağız-ağıza verib hürürlər. Təsəvvür edin, bura yaşayış yeridir. Hərənin həyətində heç olmasa bir it var. Düzdür, bizdə yoxdur, amma bu itlər ki, başlayır hürməyə, hamısı birdən ulayır, hürürlər, qonşulardakı itlər də onlara cavab verir. Pəncərəni aça bilmirik, yata bilmirik. Yuxumuz pozulub. Özünə də demişik. Yəqin, qazancı ondandır. Qonşuluqdur, adam pislik etmək istəmir. Görəndə də halını soruşuram, deyir yaxşıyam, mənim halımı soruşanda deyirəm ki, amma mən yaxşı ola bilmirəm. Çünki vəziyyət gərgindir, biz yata bilmirik. Yaşlı adamlarıq, yoldaşım xəstədir. Bizim bu itlərin əlindən dincliyimiz yoxdur. İtləri, pişikləri də sevirik. Amma istəməzdik ki, qonşuluqda bizi narahat edən belə səbəblər olsun. Evlərin arasıdır. Hamısı yaşayış evləridir, təkcə bağ evi kimi deyil".

Məsələ ilə bağlı Xəzər rayonu Mərdəkan Bələdiyyəsindən verilən açıqlamada bildirilib ki, şikayətçilər polisə müraciət etsinlər, məhkəməyə versinlər: "Bunun başqa yolu yoxdur. Nə Yerli İcra Nümayəndəliyi, nə Bələdiyyə, nə də İcra Hakimiyyəti bu məsələyə baxmır. Məsələ hüquqi müstəvidə həll olunmalıdır".

İtlərin bu şəraitdə və bu məkanda saxlanılmasının nə dərəcədə düzgün olmasını Baytarlıq Apteklər Şəbəkəsi və baytar İlqar Əhmədov cavablandırıb.

Baytarlıq Apteklər Şəbəkəsi: "İtlər ildə 1 dəfə peyvənd olunmalıdırlar. İnsanlara mane olmayacaq şəkildə, yəni yaşayış yerindən kənarda saxlanmaları məqsədəuyğundur".

Baytar İlqar Əhmədov: "İlk olaraq 30-dan çox itin saxlanması üçün lazım olan şərait yaradılmalıdır, mümkün qədər açıqlıqda olmamalıdırlar. Dəmir hasarlarla hazırlanmış yer ayrılmalıdır. 2-2, 3-3 yerləşdirilməlidir, tibbi baxımdan hər 2 və 3 aydan bir qurd dərmanları verilməlidir. Xəstəliklərə qarşı peyvəndləri və ən əsasda quduzduq əleyhinə peyvəndləri vurulmalıdır. Saylarının artmaması üçün qısırlaşdırılmalıdır. Saxlanma yerləri ən azı həftədə 2-3 dəfə təmizlənməlidir, nəcis və sidik qoxusu ətrafı bürüyür. Heç olmasa, ay ərzində 1dəfə həmin ərazi dezinfeksiya olunmalıdır. Dezinfeksiya olunduqda həm parazitlərdən, həm də bakteriyalardan təmizlənmiş olacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə