Bakı Metropolitenində artıq yeni avadanlıqlar istifadə olunacaq - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropoliteninin fəaliyyətinin təmin olunmasında ən mühüm sahələrdən biri elektrik depolarıdır. Metropolitenin bütün həyat fəaliyyətini təmin edən əsas sistematik fəaliyyət məhz depodan başlayır. Bakı Metropoliteni qatarlarının xidməti qulluğu, baxışı, təmiri də burada həyata keçirilir. Son 10 ilə nəzər salsaq, Bakı Metropoliteninin elektrik deposu tamamilə dəyişib. İlk növbədə qatarların cari təmirinin aparıldığı sahə 2017-ci ilə qədər ən müasir standartlar səviyyəsində yenidən qurulub, bu proses davamlı olaraq aparılır. Çünki yeni nəsil qatarların sayının artması artıq həmin qatarlara təmir və ya xidməti baxışın keçirilməsinə olan tələblər səviyyəsində qurulmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni nəsil qatarlarda kondisioner sistemi olduğundan Bakı Metropoliteni elektrik deposunda həmin sistemlərə baxış qulluğu keçirmək üçün müvafiq təhlükəsiz şəraiti təmin edilib: “Ümumiyyətlə qatarların təmirindən danışırıqsa, ilk növbədə qatarların gecələməyə dayandığı sahələri qeyd etməliyik. Son dövrlərdə təmir-baxış kanallarının yarısı əsaslı təmir olunaraq, yenidən qurulub. Həmin baxış sahələri dərinliyi təmin olunmaqla qatarın vaqonaltı avadanlıqlarını baxışının və qulluğunun aparılması məqsədilə lazım olan müasir standartlar səviyyəsinə gətirilib. Deponun elektrik təchizatı da vacib məsələlərdəndir. Bu səbəbdən də depo ərazisində köhnə elektrik yarımstansiyaları ləğv olunub və yeniləri qurulub, dünyanın ən müasir avadanlıqları quraşdırılıb.

Eyni zamanda qatarlara baxış üçün qazanxana sisteminin fəaliyyəti də çox mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də iş şəraitinin daha da yaxşılaşdırılması baxımından qazanxana sistemi tamamilə yenidən qurulub.
Qatarların təmirindən danışarkən iki sahəni xüsusi qeyd etmək lazımdır. Onlardan birinci vaqonların əsaslı təmirinin yerli şəraitdə həyata keçirilməsidir. Bununla bağlı xüsusi yeni sex inşa olunub. Artıq Bakı Metropoliteni elektrik qatarlarının orta və əsaslı təmir növlərini özü həyata keçirilir. Buna görə də qatarlar artıq ölkə xaricinə daşınmır və bu da səmərəli fəaliyyəti təmin edir. Digər, yəni ikinci mühüm sahə isə ekektrik mühərriklərinin əsaslı təmiri sahəsidir. Bu təkcə elektrik qatarlarının deyil, ümumiyyətlə metropolitendə olan bütün sahələrin təmirini özün birləşdirir. Hər il metropolitenin dərc etdiyi texniki hesabatlarda əldə olunmuş səmərə və nailiyyətlər xüsusi olaraq qeyd olunur.

Bütün bunlara əlavə olaraq təhlükəsiz olmasında təmiri ilə bərabər, sanitar-gigiyena baxımından təmizliyi də önəm kəsb edir. Bu məqsədlə Bakı Metropolitenində daha bir yenilik edilib. Belə ki, vaqonaltı avadanlıqların təmizlənməsi sahəsi yaradılıb. Həmçinin qatarların yuyulması sahəsi də müasir avadanlıqlarla tamamilə yenidən qurulub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə