Layihə çərçivəsində növbəti seminar keçirilib
“Estafet” Gənclərin İctimai Birliyi “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən verilən məlumata görə, layihə çərçivəsində oktyabrın 2-də Naxçıvan Müəllimlər İnstitutunda seminar keçirilib: “İctimai Birliyin sədr müavini çıxış edərək bildirib ki, humanist məzmuna malik könüllülük fəaliyyətinin pedaqoji əsaslarının öyrənilməsi və bu fəaliyyətin pedaqoji mahiyyətinin gənclərə aşılanması layihənin əsas məqsədidir”.
Sonra seminar başlayıb: “Seminarda pedaqogika üzrə fəlsəfə doktoru Şəhla Süleymanova “Könüllülərin pedaqoji mədəniyyəti” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, könüllünün pedaqoji mədəniyyəti onun ümumi mədəniyyətinin bir hissəsi olduğundan, o ideoloji, aksioloji, yaradıcı və peşəkar kimi komponentlərdən ibarət mürəkkəb dinamik sistemdir. Könüllünün pedaqoji mədəniyyətinin yüksəldilməsi onun fəaliyyətinin keyfiyyətinin artırılması üçün önəmli rol oynayır”.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşları Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialı və Naxçıvan Müəllimlər İnstitutudur.
Bütün xəbərlər Facebook səhifəmizdə