“Bu anlayışlardan xəbəriniz yoxdursa, həmin oyuna daxil olmayın” - EKSPERT XƏBƏRDARLIQ ETDİ

"Telegram"dan dünyaya sürətlə yayılan "Hamster Kombat" oyunu ilə bağlı mənə çox sual gəlir və bu oyun haqqında yazılanların da çoxu doğru deyil. "Oyun skam - yəni dələduzluq deyil. Həmçinin, şəbəkə marketinqi kimi qatılımçıların pulları əsasında büdcə formalaşdırmır. Bu mənada oyuna qoşulanlar rahat ola bilərlər. Oyun "Airdrop" məntiqinə əsaslanır. Bunu kriptovalyuta ilə məşğul olanlar yaxşı bilir. Yəni çox sayda istifadəçi cəlb edilir”. Bu sözləri SİA-ya danışan texno-bloqer Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazananda iştirakçıların bir qismi arasında paylanır: “Əgər "Airdrop" və kriptovalyuta anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə elədiyinizi heç özünüz də bilməyəcəksiniz. Oyun "Telegram"ın TON zəncirinə bağlıdır və məntiq ekrana toxunmaqla valyuta yaradıb daha sonra həmin virtual valyutalardan yeni qazanclar əldə etməkdir. Oyun hazırda istifadəçidən hər hansısa məbləğdə investisiya tələb etmir. Oyunun nə qədər "Airdrop" verəcəyi və sizə nə qədər düşəcəyi də məlum deyil”.

O bildirib ki, istifadəçi sayı 100 milyonu keçdiyindən gəlirin az olacağı təxmin edilir: “Burada yığdığınız virtual pullarla milyoner olmayacaqsanız. Amma bundan əvvəlki belə oyunlarda 100-800 dollar arası "Airdrop" yığan dostlarım olub. Məsələhət olunur ki, əgər "Airdrop" yığmaq istəyirsinizsə tək bu oyunla yox, bir çox kriptovalyuta layihəsini izləyib, davamlı yığmaq məsləhətdir. Bu halda qazanc əldə etmək daha məntiqli olur. Amma bu məntiqi tam anlamadan, digər dələduzluq layihələrinə aldana bilərsiniz. Pula həvəslənib, oyundan və bu tipli "Airdrop"lardan anlayışı olmadan yatırım etməyi məsləhət görmürəm. Çünki çox sayda skamlar da var”.

Bütün xəbərlər Facebook səhifəmizdə