Nə zaman psixoloji dəstək almalıyıq? - ARAŞDIRMA

Psixoloji dəstək prosesi psixoloq və pasient tərəfindən birlikdə həyata keçirilən bir müalicə üsuludur. Psixoterapiya emosional çətinliklərlə məşğul olur və müxtəlif psixoloji pozğunluqların müalicəsində istifadə edilə bilər. Yaşadığınız vəziyyət və ya vəziyyətlər sizi narahat edirsə, funksionallığınıza təsir edirsə, həyat keyfiyyətinizi aşağı salırsa və bu, uzun müddət davam edərsə, psixoloji dəstəkdən istifadə edilməlidir. Psixoterapiyanın məqsədi narahatedici simptomları idarə etmək və ya aradan qaldırmaqdır. Məqsəd pasientin özünü yaxşı hiss etməsi, funksionallığını qoruyub saxlaması və daha yaxşı həyat yaşamasıdır.

Elə isə qarşılaşdığımız hər çətinlik üçün psixoloqa getməliyikmi? Hər kəsin psixoloqa müraciət etməsi vacibdirmi?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Müasir həyatın çətinlikləri, gündəlik stress, sağlamlıq problemlərinin artması kimi bir çox faktor psixoloji dəstəyə ehtiyacı artırır.

Hər kəs ehtiyac duyduğu zaman istənilən vaxt psixoloji dəstək ala bilər. Ancaq bəzi hallarda psixoloji dəstək almaq şəxsi seçimdən çox zərurətdir. Bu hallarda ümumiyyətlə insanın duyğu və düşüncələrinin funksionallığının təsirləndiyi görülür. İnsanın mövcud vəziyyətin öhdəsindən gələ bilmədiyi hallarda ailə, iş, ictimai həyat kimi gündəlik iş rejiminin bir çox sahəsində mənfi təsirlər müşahidə olunur. Sağlamlıq problemlərindən qaynaqlanan emosional pozğunluqlar da var. Belə vəziyyətlərdə insan bir çox davam edən və yeni şeylərlə mübarizə aparmalı olur. Bütün bunların öhdəsindən sağlam şəkildə gələ bilmək üçün peşəkar dəstək axtarmaq lazımdır.

Psixoloji dəstək insana necə kömək edir?

Psixoloji dəstək sizə yaşadığınız psixoloji çətinlikləri idarə etməyə kömək edir. Bu, düşüncələrinizdəki mənfi sistemi dəyişdirməyə, həyata daha obyektiv baxmağa, özünüzü daha yaxşı anlamağa, dərk etməyə və tanımağa kömək edəcək. Psixoloji müsahibələri dostlarla söhbət kimi qiymətləndirmək çox yanlış bir baxışdır. Psixoloji müsahibələrdə ekspert qiymətləndirməsi aparmaq üçün pasientə lazımi sualları peşəkarcasına soruşaraq problemi təhlil edib təyin edərək həllə doğru irəliləməyi hədəfləyir. Qiymətləndirmə zamanı zərurət yaranarsa, bəzi psixoloji testlər tətbiq oluna bilər. Problemin nə olduğunu müəyyənləşdirir və ona uyğun olaraq terapiya prosesini formalaşdırır.

Aşağıdakı hallarda psixoloji dəstək almalıyıq:

- İki həftə və ya daha çox davam edən depressiya və ya neqativ əhval-ruhiyyədən çıxmaq istədiyiniz zaman,

- Həyat üçün enerjinizin tükəndiyini hiss edəndə,

- Şəxsiyyət qarışıqlıqlarınızda özünüzü yenidən yoxlamaq üçün,

- Obsesif düşüncələrdən və davranışlardan xilas olmaq üçün,

- Həyatınıza mane olan və maneə törədən hər cür qorxu və narahatlıqla mübarizə aparmaq,

- Həyat keyfiyyətinizi yaxşılaşdırmaq, məhsuldar və səmərəli həyat sürmək üçün,

- Diqqət və konsentrasiya problemləri ilə məşğul olmaq istədiyiniz zaman,

- Özünüzü daha yaxşı və yaxından tanımaq, potensiallarınızı kəşf etmək istədiyiniz zaman,

- Evlilik və ailə həyatınızla bağlı problemləri həll etmək üçün,

- Özünə inamını artırmaq, özünü dərk etmək və həyatda uğur qazanmaq istəyəndə,

- Uşaq və yeniyetmələrlə bağlı problemləri həll etmək,

- Sosial mühitiniz və münasibətlərinizlə bağlı yaşadığınız hər hansı problemi həll etmək üçün,

- Qarşı cinslə münasibətlərin keyfiyyətini artırmaq,

- Boşanmadan əvvəl və sonra məsləhət almaq,

- Cinsi əlaqə ilə bağlı hər cür sual və problemlərin həlli üçün,

- İmtahan, müsahibə və s. situasiyalarda emosiyalarınızı idarə etmək üçün,

- Hər hansı psixoloji pozğunluğun şübhəsi və ya diaqnozu olduğu hallarda psixoloji dəstək almaq faydalı olardı.

Dərman, yoxsa psixoterapiya?

Dərmanların psixoterapiya prosesinə daxil edilib-edilməməsi tamamilə fərdin xüsusi vəziyyətindən asılıdır. Bəzi hallarda dərmana ehtiyac olmadığı halda, bəzi hallarda psixoloq və psixiatrla birgə prosesə dərmanlar da daxil edilə bilər. Burada önəmli olan ön mühakimə və ya şayiələrə əsaslanaraq hərəkət etməməkdir. Bu mövzuda məlumatların yayılması insanların dərmanlardan təsadüfi istifadə etməsinə və ya həkimin tövsiyə etdiyi dərmandan özbaşına imtina etməsinə səbəb olur. Bu vəziyyət insana uzun müddətdə daha çox yük qoyur və müalicə prosesini uzadır. İnsanın edəcəyi ən yaxşı şey bir mütəxəssisə müraciət etmək və qiymətləndirmələr aparıldıqdan sonra ona uyğun görünən müalicə növünə mütəxəssislə birlikdə qərar vermək və prosesə əməl etməkdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə