Uşaqlara hansı yaşda telefona icazə verilə bilər? - PSİXOLOQ İZAH ETDİ

"Uşaqlar 3 yaşına qədər telefon, planşet, texnoloji vasitələrdən uzaq olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq Nuriyyə Quliyeva deyib.

Psixoloq bildirib ki, bu həm ona görədir ki, uzun müddət telefon ekranına məruz qalmaq uşağın ünsiyyətini məhdudlaşdırır, nitqini ləngidir: "Həmçinin diqqətini zəiflədir, ümumi inkişafına zərər verə bilir. Ona görə tövsiyə etmirik. Təbii ki, aqressiv davranışlar yarada, bir çox problemlərə gətirib çıxara bilər. Ona görə də 3 yaşına qədər uşaqlara telefon, digər texnoloji vasitələri tövsiyə etmirik.

3 yaşından sonra isə müəyyən müddətə nəzarət etməklə uşağa telefon verilə bilər, amma məzmununa xüsusi diqqət etmək lazımdır. 3 yaşından yuxarı uşaqlarda inkişafını dəstəkləyən hər hansı tapşırıqlar, cizgi filmlərinin yaşına uyğun olanlarının verilməsi mümkündür. Yenə də qorxu, şiddət, hər hansı fəsad törədə biləcək aqressiv davranışlar nümayiş etdirəcək səhnələrə, oyunlara məruz qalmamalıdırlar.

Bəs müddəti necə seçməliyik?

Burada mütləq yaş nəzərə alınmalıdır. Uşağın yaşını 10 dəqiqəyə vurmaq lazımdır. Əgər 3 yaşı varsa, 10 dəqiqəyə vuranda bu, 30 dəqiqə deməkdir. Amma bu vaxt gün ərzində ümumi olaraq telefon və planşetin hamısına birlikdə 30 dəqiqə deməkdir. Yəni 30 dəqiqə telefon, 30 dəqiqə planşet, 30 dəqiqə televizor demək deyil. Ümumi bu texnoloji vasitələrlə 30 dəqiqə vaxt keçirmək imkanı var. Amma diqqət yetirməliyik ki, mövzu, məzmun uşağın yaşına uyğun olsun. İkincisi də, ardıcıl olmayaraq, gün ərzində 5, 6, 7 dəqiqə kimi cəmi 30 dəqiqə etmək lazımdır. Uşağın 5 yaşı varsa, gün ərzində 50 dəqiqə bu texnoloji vasitələrlə vaxt keçirə bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə