Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ

“Novruz bayramının ən gözəl atributlarından biri olan səməni təbiətin oyanışını simgələyir. Fikrimcə, səməni torpağın üzərinə qoyulmalı, ruzi-bərəkət istənilərək niyyət edilib göyərdilməlidir. Bəzi yerlərdə isə səmənini sadəcə buğdanın üzərində göyərdirlər. Hər iki hal da ilk çərşənbədə suyun oyanışı ilə başlanır. Su çərşənbəsində buğdanı suya qoyuruq, arzu və niyyətimizi edirik. Əgər buğda düzgün bir şəkildə cücərərsə, deməli arzularımız növbəti ildə çin olacaq. Səməni ruzi-bərəkət simvolu olduğu üçün onu hər zaman xonçanın mərkəzinə yerləşdiririk”. Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib.

Onun sözlərinə görə, Novruz bayramından sonra səməni torpağa ötürülür: “Bu da müqəddəs olan çörəyə böyük hörmətin simgəsidir. Çünki biz səmənini hara gəldi ata bilmərik. Türk mədəniyyətində bolluq rəmzi sayılan çörək heç vaxt ayaq altına və ya digər lazımsız yerlərə atılmır. Bəzi bölgələrimizdə isə səməni bayramdan 13 gün sonra axar suya buraxılır. Əgər biz səmənini su çərşənbəsində göyərməyə qoyuruqsa, sonda da suya buraxaraq ona inamı daha da möhkəmləndiririk. Səmənini suya ataraq insanlar arzu-niyyətlərinin su üzərində çin olacağına inanırlar. Səmənini heç vaxt lal suya atmaq olmaz. Bu zaman edilən niyyətin gerçəkləşməyəcəyinə inanılır”.

“Bununla bağlı başqa bir maraqlı adət də var. Əgər səmənini suya atarkən tutulan arzu gerçək olursa, həmin insan növbəti ildə hər hansı bir şirniyyat növündən hazırlayaraq səməni atma mərasimində axar su başına toplanan insanlara paylayır. Bu inanclara sahib olan xalq adət-ənənələri bu gün də davam etdirir. İnanırıq ki, bu inanclar gələcəkdə də davam edəcək”,- deyə o əlavə edib.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə