Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.

SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumat əsasında Abşeron Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının isti izlər əsasında peşəkarlıqla icra etdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisindəki fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Bildirilib ki, həmçinin Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı ilə çıxarılıb. İş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə