Zirvələrə yüksələn zərif insan ömrü

Nəsimi Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib.

SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə tamaşa ediblər.

Tədbiri açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadıb. Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi. Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim idi. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Ulu Öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbirdə, həmçinin Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Sadlinski, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, Əməkdar elm xadimi Rafiq Məmmədhəsənov, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, professor Hicran Namazova çıxış ediblər.

Qeyd olunub ki, Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Akademik Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı.

Hər il olduğu kimi bu il də Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optik göz eynəkləri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə