"Gəlin birgə oxuyaq!" şüarı altında "Oxu günü 10" keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün Elmlər Akademiyasının qarşısında "Gəlin birgə oxuyaq!" şüarı altında "Oxu günü 10" adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Naşirlər Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Nəşriyyatları Assosiasiyası", "Təhsilin İnkişafı Fondu", Yunus Emre İnstitutunun təşkilatçılığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbir çərçivəsində, həmçinin nəşriyyatlar və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü”ndə iştirak edənlər bir sıra nəşrləri güzəştli qiymətlərlə əldə ediblər.

Tədbirdə paytaxtın ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar iştirak ediblər. Məktəblilər rəsm əsərləri, əl işlərini təqdim edib, fləşmob keçiriblər.

“Oxu günü”ndə, həmçinin iştirakçılara bədii-elmi kitabların sərgisində yeni nəşrlərlə tanış olmaq, şair və yazarlarla görüş imkanları yaradılıb.

Deputat Ceyhun Məmmədov tədbirin əhəmiyyətindən danışıb və Rüstəm Behrudi "Salam dar ağacı" şeirini səsləndirib.

Kitab bir nəslin digər nəslə mənəvi sərvətidir. Bu gün ölkəmizin ən gözəl məkanlarının birində - Milli Elmlər Akademiyasının qarşısındakı parkda bu qədər insanın bir araya gəlməsi mütaliəyə olan hörmətimiz, marağımız və həvəsimizdir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə