Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir

Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində müzakirələrə dəvət olunması Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstək, həmçinin dövlətimizin başçısının yüksək nüfuzundan irəli gəlir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə bunu açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Azərbaycanın hər zaman müstəqil siyasət yürütdüyünü və yalnız özünün milli maraqlarından çıxış etdiyini vurğulayan A.Məmmədov ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını qeyd edib. Onun sözlərinə görə, son dərəcə gərgin və mürəkkəb proseslərin getdiyi bir dönəmdə də bu etibarlılıq qorunub saxlanılır. Bunun səbəblərindən biri də müstəqil Azərbaycanın çoxşaxəli, balanslaşdırılmış və ədalət üzərində qurulan xarici siyasət yürütməsidir.

“Əminliklə demək mümkündür ki, Azərbaycanın Avropa, Asiya, Afrika, Amerika ölkələri ilə əlaqələri dinamik inkişaf etdirilir. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Azərbaycanın dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınması, artan nüfuzu, regionda sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də qlobal problemlərin həlli istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və siyasi iradəsinin nəticəsidir”, - deyə A.Məmmədov vurğulayıb.

Neft-qaz ölkəsi olan Azərbaycanın Almaniya üçün vacib tərəfdaş olduğunu diqqətə çatdıran deputat dövlətimizin xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələrin üstünlük təşkil etdiyini deyib: “Avropa İttifaqının üzvü olan 9 ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. İki ölkə arasında qarşılıqlı münasibətlərin əsası XIX əsrin ikinci yarısına təsadüf edir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və həmin ilin fevralında isə iki ölkə arasında diplomatik münasibətlər qurulub”.

A.Məmmədov vurğulayıb ki, dövlətimizin başçısı iştirak və çıxış etdiyi bütün beynəlxalq platformalardan Azərbaycanın milli maraqlarını, haqq səsini dünyaya çatdırır. Almaniyada təşkil edilən “15-ci Petersberq İqlim Dialoqu” tədbirində də Azərbaycan Prezidenti digər məsələlərlə birgə, Ermənistanla normallaşma prosesindən, sülh maraqlarından və digər məsələlərdən danışıb. Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesinin nəticəsi olaraq, sərhədlərin delimitasiyası və demarkasiyasının başlandığını, anklav olmayan 4 Azərbaycan kəndinin qaytarıldığını, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırdığını bildirən Azərbaycan Prezidenti sülhə nail olmaq üçün çox yaxşı fürsətlərin yarandığını deyib. Normallaşma prosesində Almaniyanın dəstəyini də qeyd edən Prezident İlham Əliyev aprelin 26-da Berlində Kansler Olaf Şolts ilə birgə mətbuat konfransında Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirdiyini və sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atıldığını diqqətə çatdırıb.

Regionda yeni reallıq yaradan Azərbaycanın qarşısında böyük hədəflər olduğunu qeyd edən Aqil Məmmədov deyib: “Azərbaycan cari ilin noyabrında iqlim dəyişikliyi ilə bağlı mötəbər tədbirə -COP29-a ev sahibliyi edəcək və mötəbər tədbir ölkəmiz üçün yeni imkanlar vəd edir. Azərbaycan ev sahibi kimi, Qərblə Qlobal Cənub arasında, həmçinin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı körpülər yaradacaq. Ölkəmizin sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər çərçivəsində hədəflərinə çatacağına şübhə yoxdur. Çünki bütün nailiyyətlər göz qabağındadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə