Qanunla yol polisini videoya çəkmək olar? - AYDINLIQ GƏTİRİLDİ

“Yol polisi əməkdaşı saxlayarkən onu və baş verənləri videoya çəkmək və yaymaq qadağan deyil, buna görə heç bir cərimə də nəzərdə tutulmur”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Yol polisi əməkdaşlarının videosunu çəkmək heç bir qeyri-qanuni fəaliyyət deyil. Azərbaycan Konstitusiyasının 32 maddəsi şəxsi həyata müdaxilə nöqteyi-nəzərindən insanın özünün icazəsi olmadan onun videosunun, şəkilinin çəkilməsini və səsinin yazılmasını qadağan edir. Ancaq polisin xidmət vaxtı çəkilməsi heç bir halda şəxsi həyat deyil. Bu artıq ictimai fəaliyyətdir. Burada hər hansı şəxsi həyatdan söhbət gedə bilməz.

Daxili İşlər Nazirliyinin “Yol-patrul xidməti haqqında Təlimat”ında var ki hərəkət iştirakçısını saxlayan və onunla danışan DYP əməkdaşının üstündə daim işlək səsyazan mikrafon olmalıdır. Bu işlər patrul avtomobilinin videokamerasının görünüş sahəsində aparılmalı və hər şey qeydə alınmalıdır.

"Yol Patrul Xidməti” haqqında təlimatın 4.7-ci bəndində qeyd olunub ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə