Cadu varmı? Ondan necə qorunmaq olar? - RƏYLƏR

Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də ona itaəti çoxaltmaq lazımdır. Cadu nədir, ondan necə qorunmaq olar? SİA olaraq bu mövzu ilə bağlı ekspertlər arasında sorğu keçirdik.

İlahiyyatçı Elşad Miri: "Qurani-Kərimin 113-cü surəsi olan Fələq surəsinin 4-cü ayəsində keçən bir məsələyə aydınlıq gətirməyimiz tələb olunur. Bu gün cadu, sehrlə, ekstrasensliklə məşğul olanlar Qurani-Kərimdən bir neçə surəni misal gətirirlər. Bunlardan da biri Bəqərə surəsinin 102-ci ayəsidir. Bilirsiniz ki, orada Harud və Marud məsələsi ilə bağlı mövzudur. Taha surəsindən gətirilən məsələdir, Fələq surəsinin 4-cü ayəsindən gətirilən düyünlərə üfürmək mənasından gələn iddia olunan sözdür. Bununla bağlı da Qurani-Kərimdə sehrin olduğunu deyirlər. Birmənalı şəkildə qeyd edim ki, İslamda sehr yoxdur. Qurani-Kərim əksinə sehrin olmadığını bildirir. Bəqərə surəsinin 102-ci ayəsində Süleyman kafir olmadı deyərək, Süleymanı sehrbazlıqda, sehrlə hakimiyyətə gəldiyini ittiham edənlərin əslində kafir olduqlarını bildirir.

Fələq surəsinin 4-cü ayəsinin Azərbaycan dilindəki bütün tərcümələrinə baxdığımız zaman orada yazılıb ki, düyünlərə üfürən qadınların şərrindən Allaha sığınıram. Ərəb dilindəki cümlənin tərcüməsində də əlavə məna yoxdur. Şər sözü Azərbaycan dilində də şər mənasında istifadə olunan sözdür. Ərəbcə-Azərbaycanca lüğətin 2-ci cildinin 248-ci səhifəsində qeyd olunur ki, əqt sözü sülh, saziş bağlamaq, əlaqə qurmaq deməkdir. Bəqərə surəsinin 235 və 237-ci ayələrində də bu söz keçir. Oradakı nikah əqti ilə əlaqədardır. Bu gün Azərbaycan dilində də hüquq terminologiyasında əqt kəliməsi istifadə olunur. Nəffəsat sözü ilanla bağlı işləndiyi zaman ilanın ağzından çıxan zəhər deməkdir. İnsanla əlaqəli olduqda hər hansı sözün ağızdan çıxması mənasında istifadə olunur. Üç sözdən məna düyünlərə üfürən qadın deyil. Belə sual ortaya çıxacaqdı ki, düyünlərə üfürən kişilər olsaydı, onların etdikləri doğrudurmu? Konkret olaraq burada düyünlərə üfürmək, düyün vurmaq, qadınlar mənası deyil, əlaqələrə fəsad qarışdıranların şərrindən Allaha sığınırlar. Yəni insanlarla bağlı olan əlaqələr nəzərdə tutulur. Təəssüflər olsun ki, bu ayəni Peyğəmbərə cadu edilməsi ilə əlaqələndirirlər. Bunların heç birinin əsası yoxdur".

Təlimçi, motivator, numeroloq, Teta-healier, bioenerji uzmanı, yaşam koçu, astroloq Vüsalə Əliyeva: "Cadudan qorunmağın xüsusi üsulu yoxdu. Amma Qurani-Kərimdə olan Qələm surəsi, Bəqərə surəsi cadu, bəddua, nəfs olunduğu zaman müəyyən qədər müdafiə olunmaq üçün gözəl vasitələrdəndir. Bundan əlavə hər zaman çalışıb enerjimizi, aura təbəqəmizi qorumalıyıq ki, neqativ enerjilər bizə az təsir etsin. Ümumiyyətlə, cadudan qorunmaq deyə bir şey yoxdur. Elə bir üsul deyə bilmərəm ki, onu edəndə cadudan qoruna bilək. Bəqərə surəsini dinləmək də təsirlidir. Amma məsləhət görərdim ki, cadu, bəd dua olsa belə, bizə az təsir edə biləcək öz frekansını yüksək tutmaqdır. Pozitivə köklənmək lazımdır. Cadu hamıya təsir edir, amma ən çox frekansı zəif olanlara təsir edir, yəni enerjiləri aşağı olanlara. Enerji aşağı olanda immunitet aşağı olur və bədən müqavimət göstərə bilmir. Ona görə pis, neqativ olan hər şeyi öz canına çəkir, tez təsir edir. Amma enerjimizi yüksək tutsaq, surələri, ayələri oxusaq, yazıb üzərimizdə gəzdirsək, cadu olunsa belə az təsir edəcək, fərqinə varmayacaqsınız. Bir də aura təbəqəni qorumaq lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə