Dekabrın 22-də Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun əməkdaşı, t.ü.f.d. Aygün Məmmədova Heydər Əliyev Mərkəzində “Ağqoyunlular dövlətinin pul təsərrüfatı” mövzusunda məruzə etmişdir. Elektron prezentasiya ilə müşayiət olunan məruzədə Heydər Əliyev Mərkəzində təşkil edilən “Ağqoyunlu hökmdarı Uzun Həsən” sərgisində nümayiş edilən numizmatik faktlar – sikkələr haqqında ətraflı məlumat verilmişdir. Məruzəçi dövrün pul təsərrüfatının başlıca nominalları, zərbxana-şəhərlər, sikkələrin tipoloji xüsusiyyətləri, ticarət əlaqələri, həmçinin numizmatik təyinat metodları, mövcud problemlər barədə ətraflı danışaraq, müasir muzey etikası və təkliflərini söyləmişdir. Məruzəyə müvafiq tərtib edilən elektron prezentasiyada Ağqoyunlu hökmdarları adından zərb edilmiş gümüş, mis və qızıl sikkələrin fotoları nümayiş edilmiş, Azərbaycanda aşkarlanan belə tapıntılar işıqlandırılmışdır. Mövzunun müzakirəsində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, t.e.d. Nigar Gözəlova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent Radif Mustafayev, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, “Numaz” MMC icraçı direktoru Şahin Əliyev, Qərbi Kaspi Universitetinin müəllimi, t.ü.f.d. Günay Həsənova, Qərbi Kaspi Universitetinin müəllimi, t.ü.f.d. Elvin Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qərbi Kaspi Universitetinin tələbələri iştirak etdilər. Yekunda sərginin təşkilatçısı, Heydər Əliyev Mərkəzinin əməkdaşı, t.ü.f.d., dosent Səbuhi Əhmədova təşəkkür bildirilmiş və xatirə fotosu çəkilmişdir. Hazırda Heydər Əliyev Mərkəzində təşkil olunan “Ağqoyunlu hökmdarı Uzun Həsən” sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondundan seçilmiş Ağqoyunlular dövlətinə aid 15 sikkə nümayiş edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB