"Şiddət görən insanlar bunu normal qəbul edirlərsə,.." - PSİXOLOQ DANIŞDI

"Əgər bir qadın uşaqlıqdan şiddətə məruz qalırsa, bu, onda özgüvən əksikliyinə səbəb olur. Eyni zamanda, kişilərə qarşı güvənsizlikdə də görülən şiddətin müəyyən rolu olur. Bəzən isə şiddətə məruz qalmaq insanda aqressiyaya dönüşə bilir. İnsan psixikası fərqli olduğu üçün şiddətin fərqli reaksiyaları və nəticələri olur. Şiddətə məruz qalmış insanların öz övladı olanda onlara da oxşar tərbiyəni verir. Şiddət görən insanlar əgər bunu normal qəbul edirlərsə, adətən özləri də şiddətə meyilli olurlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, həmçinin, şiddətə məruz qalmaq cəmiyyətdə özünü düzgün ifadə etməyə də mane olur: "Çünki şiddətə məruz qalan insanlar özlərini digərlərindən aşağı hiss edirlər. Şiddətə məruz qalıb bununla razılaşmayan insanlar isə daha sonra psixoloji xəstəliklərə belə məruz qala bilirlər".

"Əgər kiminsə həyatında belə bir şey baş verirsə və özü bunun öhdəsindən gələ bilmirsə, mütləq peşəkar terapistlərə müraciət etməlidir. Çünki yaşanılan şiddət hadisələrini unutmaq və ya olmamış kimi davranmaq olmur. Amma başına gəlmiş hadisələrlə yaşamağı öyrənmək olur. Mütləq deyil ki, bugünədək yaşadıqlarını bundan sonra da yaşayasan və başqalarına da yaşadasan",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə