"Yaxşı kişini bir kişi yetişdirə bilər" - PSİXOLOQ FİKRİ

"Müasir dövrdə oğlan uşaqlarının formalaşması üçün onların cəmiyyətdə kişi cinsi ilə ünsiyətdə olması daha münasib olar. Bir kişini hər zaman yaxşı bir kişi yetişdirə bilər. Qadının oğlan uşağına verəcəyi ən dəyərli şey onun sevgisi və qayğısıdır. Lakin kişinin həmcinsinə verəcəyi vacib məqam onun möhkəmliyi və qorxmazlığıdır". Bu sözləri SİA-ya psixoloq Aidə Nəbiyeva deyib.

Onun sözlərinə görə, ailələrdə ataların uşaqlarla az ünsiyyətdə olmasından şikayətlər olur: "Son illər məktəb və bağçalarda kişi müəllim və kişi tərbiyəçilərin sayının az olması bizi narahat edən başlıca məqamlardandır. Bu da xüsusən oğlanların kişi kimi formalaşmasına ciddi şəkildə mənfi təsir göstərir. Müşahidələr sübut edir ki, oğlan uşaqlarında cəsarət, qorxmazlıq kimi keyfiyyətlər azalıb. Bu problemin qarşısını almasaq, gələcəkdə oğlan uşaqlarında kişi cəsarəti, kişi danışığı, ünsiyyəti, möhkəmlik kimi xüsusiyyətlər az olacaq. Bu da gələcək nəslin formalaşmasına mənfi təsir göstərəcək".

Psixoloq sözlərinə davam edərək bildirib ki, 6 yaşından etibarən qız uşaqlarını qadın, oğlanları isə kişinin tərbiyə etməsi daha yaxşıdır: "Çünki bu yaş dövründən artıq insanlarda xarakter formalaşır, tərbiyənin əsas hissəsi başlayır. Bu yaşdan sonra uşaq cəmiyyətdə məxsus olduğu parçasına bənzəməyə çalışır. Onun gördüyü fiqur ancaq qadın olarsa, parçasını ancaq ona bənzədəcək və bu da onun psixologiyasına mənfi təsir edəcək. Nəzərə alsaq ki, bəzi ailələrdə ata faktoru yoxdur. Bu, gələcəkdə hər iki cütlüyün tərəfmüqabili ilə davranışında da özünü göstərəcək: “Məktəblərdə kişi müəllimlərinin az olması qızlara da mənfi təsir edir. Bundan başqa bu problem hər iki tərəfin gələcəkdə tərəfmüqabillərinə də davranışda çətinlik çəkməsinə səbəb olur. Çünki qarşılarında belə bir nümunə olmur. Bu qızların əks-cinsə qarşı münasibətlərinin formalaşmasına da təsir edir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə