"Laçın torpağı mənim üçün müqəddəsdir" - TƏƏSSÜRATLAR

Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Noyabrın 20-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 91 nəfər köçürülüb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. SİA Laçın sakinlərinin təəssüratlarını öyrənib.

Laçın sakini Fəxrəddin Rəsulov: "1992-ci il mayın 17-də Laçından didərgin düşmüşük. Həmin dövrdə mən torpaqlarımız uğrunda döyüşmüşəm. İki oğlum Aprel döyüşlərində, bir oğlum isə 44 günlük müharibədə iştirak edib. Hələ 22 yaşımda gənc ikən çıxdığım Laçına öz nəvələrimlə qayıtmaq çox gözəl bir hisdir. Bu hissi bizə yaşadanlar var. Dövlət başçımızın canı sağ olsun ki, bizə bu cür şərait yaradıb. Bizim Vətənə qayıdışımızda Ali Baş Komandanın böyük rolu var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah bizim keşiyimizi çəkən bütün əsgərlərimizi qorusun. Biz onlara arxayın olaraq Zabuxa qayıdırıq. O gün olsun ki, Zabux camaatı əvvəlki xoş günlərinə qayıtsın".

Laçın sakini Sahilə Qasımova: "Çox sevincliyəm ki, atamın doğulduğu kəndə qayıdıram. Bir tərəfdən də təəssüflənirəm ki, babalarıma bu günləri görmək qismət olmadı. Amma bilirəm ki, onların ruhu şaddır. Ali Baş Komandan İlham Əliyevə minnətdaram ki, bizə bu günləri görməyi nəsib etdi. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və əsgərlərimizə can sağlığı arzulayıram. Atamgil mənə həmişə Laçının çox gözəl olduğu barədə danışıblar. İndi o gözəl yerləri canlı görəcəyim üçün həyəcanlıyam. Ümid edirəm ki, Laçında da özümə yeni dostlar tapacam".

Laçın sakini Toğrul Rəsulzadə: "Anam Laçının özündən, atam isə Zabux kəndindəndir. Doğrudur, mən Laçını görməmişəm. Amma hər zaman böyüklərimiz o yerlər haqqında danışdığı üçün çox maraqlı gəlirdi. Laçında gözəl şərait qurulub. 29 yaşıma kimi Bakıda yaşamışam, buraya öyrəşmişəm. Amma Laçına getdiyimi nəzərə alaraq böyük bir şey itirdiyimi düşünmürəm. Çünki ata-anamın doğulub boya-başa çatdığı yer mənim üçün daha maraqlıdır".

Laçın sakini Kamilə Rəsulova: "31 ildir ki, dədə-baba yurdumdan ayrıyam. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, bu günləri bizə yaşadan hər kəsə ömrümüzün sonuna kimi minnətdar olacağıq. Böyük sevinc hissi ilə obamıza qayıdırıq. Allah arzusunda olan hamıya bu sevinci dadmağı nəsib etsin".

Laçın sakini Ayaz Vəliyev: "Bugünkü gün üçün Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə minnətdarıq. Sevincimizin banisləri onlardır. Laçın mənim üçün müqəddəs bir yerdir. Təəssüf ki, müqəddəs torpağımıza qayıtdığımız günləri atam görmədi. Ona görə bir yanım buruxdur. Amma şükür ki, bugünkü gündə ailəm, övladlarım yanımdadır".

Laçın sakini Gülnarə Rəsulova: "Şəhidlərimizin ruhu şad olsun ki, biz bu gün öz Vətənimizə qayıdırıq. Uşaq ikən çıxdığım Laçına uşaqlarımla, nəvələrimlə geri dönürəm. Övladlarıma Laçın haqqında o qədər danışmışam ki, hər biri səbirsizliklə oranı görmək istəyir. Prezident İlham Əliyevə təşəkkür edirik ki, övladlarımın gözünü yolda qoymadı".

Laçın sakini Murad Vəlizadə: "Bu gün ailəmlə Laçına köçürəm. Çox istərdim ki, rəhmətlik babam da Zabuxa qayıtmaq hissini yaşasın. Lakin qismət olmadı. Amma biz bu günlərin şahidi olduq. Laçında yaşayacağımız evi də görmüşük. Şəraiti çox yaxşıdır. Ölkə rəhbəri İlham Əliyev sağolsun ki, bizim şəraitimizin yaxşı olması üçün əlindən gələni edir. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizi qorusun. Özüm də 44 günlük Vətən müharibəsində iştirak etdiyim üçün onları çox yaxşı başa düşürəm. 31 ildir həsrətində olduğumuz doğma torpaqlara qayıdırıq. Bundan gözəl nə ola bilər ki?! Hər şey ürəyimizcədir".

Laçın sakini Dilbər Behbudova: "Laçınımdan çıxanda 32 yaşım var idi. Həyat yoldaşım və 3 övladımla gəlmişdim. Heyif, onlar dünyasını dəyişib. Bu gün gəlinim və nəvələrimlə Laçına qayıdıram. Doğrudur, Vətənimə qayıtmaq istəyirəm, amma balalarımın məzarı buradadır. Ona görə də ürəyimin bir hissəsi həmişə Bakıda qalacaq. Bir gözüm ağlayır, biz gözüm gülür. Amma bugünkü günümüzə də şükür olsun".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə