"Laçına çatanda əyilib doğma torpağımdan öpəcəm" - TƏƏSSÜRATLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 94 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular öz təəssüratlarını SİA ilə bölüşüb.

Laçın sakini Firdovsi Bayramov: "Allaha şükür ki, bu günləri bizə nəsib etdi. Ali Baş Komandan İlham Əliyevin, şəhidlərimizin və qazilərimizin sayəsində bu sevinci yaşamaq bizə qismət oldu. 31 ildən sonra ata yurduma geri qayıdıram. Hər bir laçınlı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. 32 yaşımda çıxdığım Laçına 63 yaşımda geri qayıdıram. Laçına çatanda əyilib doğma torpağımdan öpəcəm".

Laçın sakini Sevil Behbudova: "Allah İlham Əliyev kimi Prezidenti xalqımızın başının üstündən əksik etməsin. Onun uzaqgörənliyi, ordumuzun şücaətidir bugünkü sevinci bizə yaşadan. Laçında doğulub boya-başa çatmışam, orada ailə həyatı qurmuşam. İndi isə həyat yoldaşımla geri qayıdıram. Bağla-bostanla məşğul olmağı, bişirib-düşürməyi sevən insanam. Elə yurdumda da əkib-becərməyi, çörək bişirməyi arzulayırdım. Arzum gerçəkləşir".

Laçın sakini Sovet Behbudov: "Təbii ki, illərdir həsrətində olduğumuz Laçına qayıtdığımız üçün sevinirik. Bizə bu sevinci yaşadan ölkə başçısı İlham Əliyevdən razıyıq. 41 yaşımda gözəl Laçınımı tərk etmək məcburiyyətində qalmışam. Vaxtilə o torpaqlardan həyat yoldaşım və 3 övladımla birgə çıxmışdım. Artıq övladlarım da ailə qurub. Hər biri fərqli yerlərdə yaşayır. Bu gün isə xanımımla birgə yurdumuza qayıdırıq. Kəndimizi görmək üçün səbirsizlənirəm".

Laçın sakini Çiçək Əhmədov: "Ömrümün yarısını Laçında, yarısını da Bakıda yaşamışam. Çox sevinirəm ki, geri qalan ömrümü Laçında yaşayacam. Doğrudur, Azərbaycanın hər yeri bizim üçün əzizdir, gözəldir. Amma doğma yurdum Laçın daha gözəldir. Yoldaşım, üç oğlum, bir qızım və onların ailələri ilə Laçına yola düşürük. Allah bu günü bütün vətən həsrəti çəkənlərə qismət etsin".

Laçın sakini Nuray İmamlı: "Laçına getdiyimə görə çox sevinirəm. Laçın hər zaman təsəvvürümdə gözəl bir yer kimi canlanır. Atam, anam deyirdilər ki, oranın təbiəti əvəzolunmazdır. Laçındakı yeni evimizi görmək üçün həyəcanlanıram. Düzdü, buradakı dostlarımdan darıxacam, amma Laçın da mənə maraqlı gəlir. Orada yeni dostlarım, yeni məktəbim olacaq. İnşallah hər şey yaxşı olar".

Laçın sakini Asif Abbasov: "Əvvəllər boynu bükük gəzirdik. İndi isə qalib dövlətin vətəndaşı kimi başımız dikdir. Buna görə Ali Baş Komandanımıza təşəkkür edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik. Torpaqlarımız igidlərimizin qanı ilə yoğrulub. Laçından 39 yaşımda çıxmışam. Əsgər nəvələri olan biri kimi qayıdıram yurduma. Laçının hər yeri mənə əzizdir. Zabuxdan olmağımıza baxmayaraq Laçının hər yerini tanıyıram. Qayıdanda da yurdumun hər qarışını gəzəcəm".

Laçın sakini Zərbab Quliyeva: "65 yaşımda Vətənimə qayıtmaq qismət oldu. Şükür ki bu günləri də gördük. Övladlarımla birlikdə qayıdırıq Laçına. Heyif ki, atam-anam dünyasını dəyişdiyi üçün bu gözəl günü yaşaya bilmədilər. Çox həyəcanlıyam. İllərlə gözlədiyim günə qovuşmuşam".

Laçın sakini Qəribə Abbasova: "Bu gün Vətənimə qayıdıram. Bundan gözəl nə ola bilər ki?! 31 ildir ki, Laçın həsrəti ilə yanıb tutuşurduq. Artıq pis günlər geridə qaldı. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə, sinəsini güllə qabağına verən oğullarımıza daim minnətdar olacağıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə