Yeni qayda əmlak bazarına necə təsir göstərəcək? - EKSPERT AYDINLIQ GƏTİRDİ
"Azərbaycanda yeni qaydalara əsasən qanunsuz və icazəsiz tikilən yaşayış və qeyri-yaşayış tikililərə kommunal xidmətlərin verilməsi qadağan edilib. Buna görə indi sənədi olmayan, tikintiyə icazəsi olmayan torpaqlarda ticarət obyektləri və yaşayış mənzilləri tikmək qadağandır". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.
Onun sözlərinə görə, tikinti tikənlərin sayında ciddi azalma olacaq: "Bu da öz növbəsində indiyə qədər tikilən evlərdə və obyektlərdə ciddi qiymət artımına gətirib çıxaracaq. Bundan başqa çıxarışı olan torpaqların da qiymətlərində ciddi artım olacağı qaçınılmazdır. Bu qərardan sonra həyət evləri və indiyə qədər kommunikasiya, su, işıq, qaz ilə təmin edilmiş evlərin də sənədsiz mənzillərdə də qiymət artımı gözlənilir. Bir sözlə, bu qanundan sonra Azərbaycan əmlak bazarında ciddi qiymət artımı qeydə alınacaq".
Ekspert sözlərinə davam edərək bildirib ki, bu qiymət artımı bütün Azərbaycanda hiss ediləcək: "Əsasən də, paytaxt Bakı şəhərində və ətraf qəsəbələrdə bu daha çox hiss olunacaq. Belə ki bu qərarın qüvvəyə minməsindən sonra təkcə həyət evləri və torpaq sahələri yox, yeni tikilən binalarda və sovet dövründə tikilən köhnə binalarda da qiymətlər artacaq. Qiymət artımına əsas səbəb kimi daha yeni tikilən sənədsiz evlərə alıcıların olmaması göstəriləcək. Digər səbəb isə sənədsiz torpağı olan vətəndaşların öz torpaqlarında ev və ticarət obyektləri tikə bilməyəcəyi olacaq. Mən bir ekspert kimi bunu deyə bilərəm ki, yeni qanunun qüvvəyə minməyindən sonra çıxarışı olan torpaq sahələrində və sənədləri qaydasında olan bütün əmlaklarda qiymət artımı olacaq. O cümlədən, qanundan qabaq kommunal və kanalizasiya xətləri qaydasında olan yaşayış evləri və ticarət obyektlərinin də qiymətlərində artım müşahidə olunacaq. Digər tərəfdən özbaşına və qanunsuz tikilən tikililərin sayında isə ciddi azalma hiss olunacaq. Bu da bizə bunu deməyə əsas verir ki, Azərbaycan əmlak bazarında sənədi olan evlərdə və ticarət obyektlərinin qiymətlərində ciddi artım qeydə alınacaq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB