Qəzalı binaların sökülməsi əmlak bazarına necə təsir edir? - EKSPERT AÇIQLADI

"2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsi prosesi gedir. Bugünədək onlarla qəzalı vəziyyətdə olan binalar sökülərək yeni tikili binalarla əvəzlənib. Proses hələ də davam edir". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, hər bir köhnə çoxmənzilli qəzalı vəziyyətdə olan bina sökülərkən vətəndaşlara, onlar yeni mənzillə təmin olunanadək kirayə pulu verilir: "Köç və digər xərclər tikinti şirkətləri tərəfindən qarşılanır. Bundan əlavə vətəndaşların sökülmüş mənzillərinin yerində tikilmiş yeni binada onlara tam təmirli mənzil təqdim olunur ki, onun bazar dəyəri vətəndaşın köhnə mənzilindən təqribən iki dəfə baha olur. Söküntü prosesinin sürətlənməsi kirayə bazarında da qiymət artımına gətirib çıxarır".

Ekspert sözlərinə davam edərək bildirib ki, bu başqa bir tərəfdən artıq kirayə bazarında ucuz mənzillərin qıtlığına səbəb olur: "Yəni, ucuz mənzillər daha çox köhnə yaşayış binalarında olur. Bu binalar da mərhələli şəkildə söküldükcə oradakı mənzillər kirayə bazarından çıxmış olur. Onların yerində tikilmiş yeni binalarda isə kirayəlik və satış mənzillərinin bazar dəyəri əvvəlkindən daha baha qiymətə təklif olunur. Eyni zamanda, paytaxtın estetik gözəlliyi öz formasını alır. Yeni binalar tikildikcə onların çıxarışla təmin olunması prosesi daha sürətlə baş verir ki, bu da ipoteka və digər kreditlərlə mənzil almaq istəyən şəxslər üçün daha əlverişlidir. Çıxarışlı mənzillərin sayının artması xarici vətəndaşlarının da Azərbaycanın daşınmaz əmlak sektoruna yatırım etmələrinə səbəb olur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə