Saxta mənzil satanlarla necə mübarizə aparmalı? - EKSPERT İZAH ETDİ

"2023-cü il istər kirayə mənzil bazarında istərsə də alqı-satqı bazarında əlamətdar il kimi yaddaşımızda qaldı. Bakı şəhərində bu il kirayə mənzillərin az olması və baha olması dələduzların saxta elanlarla insanları aldatmasında kəskin artım olub. Belə ki dələduzlar internet saytlarına saxta olmayan evlərin satışını və kirayəsini bazar qiymətindən ucuz qiymətə yerləşdirməklə bu prosesə başlayırlar. Saytlarda ev axtaran alıcılar və kirayə axtaranlar isə həmin saxta elanı gördükdə baxır ki, şəkillərdə möhtəşəm və bazar qiymətindən ucuz ev ala yaxud kirayə götürə bilər". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Onun sözlərinə görə, mənzilin şəkillərini və qiymətini görən müştəri təlaşa düşür: "Mənzili hamıdan qabaq kirayə götürmək və ya almaq üçün həmin dələduza zəng edir. Dələduz isə müxtəlif variantlarla ona bəhanə gətirərək onu evə baxmaqdan fikrindən yayındırır. O müştərini inandırmağa çalışır ki, evi istəyən çoxdur, kim qabağa düşərək pulu tez verərsə evi ona verəcəyini bildirir. Bu vaxt gedən danışıqların həyəcanı ilə müştərini tələsdirərək qərar qəbul etməyə məcbur edən peşəkar dələduz onu aldadır. Sonra digər müştəridən aldığı şəxsiyyət vəsiqəsinin kopyasını ona atmaqla onun güvənini qazanmağa çalışır. Peşəkar dələduz evi istəyənin çox olduğunu bildirir, amma tez beh versə və yaxud evin pulunu kartına atsa guya digərlərinə artıq evi kirayələdiyini deyəcəyinə onu inandırır. Daha sonra müştəridən kartına pul vurmasını istəyir. Çıxılmaz vəziyyətdə qalan və ev tapa bilməyən müştəri onunla razılaşaraq dələduzun verdiyi kart hesabına tələm-tələsik pul köçürür, üstəlik öz şəxsiyyət vəsiqəsinin kopyasını göndərir. Bundan sonra peşəkar dələduz onun telefonlarını əngələyərək pulu götürür və daha sonrakı qurbanının zəngini gözləyir. Bu yolla o ev axtaranın həm sənədinin kopyasını əldə edir, həm də onun pulunu ələ keçirir. Əgər başqa nömrə ilə həmin nömrəni yığarsansa onda yenə bir bəhanə gətirərək həmin nömrəni də əngələyir. Daha sonra həmin dələduz gələcək qurbanını inandırmaq üçün öncəki müştəridən aldığı şəxsiyət vəsiqəsi göndərərək onun ad və soyadı ilə özünü təqdim edir".

Ekspert sözlərinə davam edərək bildirib ki, bu yolla yeni müştərini arxayın salaraq ondan yenidən pul tələb edir: "Pulunu və şəxsiyyət vəsiqəsini dələduza verən zərərçəkən aldandığını biləndə isə polisə müraciət edir. Sonra aydın olur ki, dələduz əslində özünün deyil, hər dəfə müxtəlif müştərinin şəxsiyyət vəsiqəsini təqdim edirmiş. Yəni, peşəkar dələduz aldatdığı insanların şəxsiyət vəsiqəsindən növbəti müştərini aldatmaq üçün istifadə edir".

"Mən bir əmlak üzrə ekspert kimi deyə bilərəm ki, insanlar daha diqqətli olsunlar. Onlar tələsik qərar qəbul etməsinlər alacağı və yaxud kirayə götürəcəkləri mənzilləri reallıqda görməmiş onu satan və yaxud kirayə verən insanla canlı-canlı görüşməmiş onlara onlayn və digər köçürmə vasitələri ilə heç haxt pul atmasınlar. Əks halda onlar pullarını itirə bilərlər. Bizim elan saytlarında belə halların baş verməməsi üçün xəbərdaredici yazılar yazdıq ki, evə canlı baxış keçirmədən, görmədən, alacağınız əmlaka baxmadan heç kimə onlayn pul göndərməyin. Amma əfsuslar olsun ki, yenə də insanlar ucuz ev tapdım deyə tələsik qərar qəbul edərək öz pullarını peşəkar dələduzlara göndərirlər. O peşəkar dələduzların çoxu heç Azərbaycanda yaşamır və yaxud adlarına nömrə və telefon xətti olmadığına görə tapmaq mümkün olmur. Ona görə bir mütəxəsis kimi yenə də sizin vasitənizlə onları xəbərdar edirəm, pulsuz pendir ancaq tələdə olar. Müştərilər qiyməti ucuzdur deyə aldanıb öz pullarını itirməsinlər. Bu dələduzlar bir çox sahə üzrə saxta elanlar qoyaraq insanları aldadırlar. Sadəcə bizim sahəmiz əmlak üzrə olduğundan mən təkcə bu sahəni tam dəqiq bilirəm. Şübhəli elanlar gördükdə sayt adminləri həmin istifadəçini əngəlləsin və ona sayta girməyə qadağa qoysun. Bir sözlə, oxuculara tövsiyəm odur ki, telefonda danışaraq heç kimə sənəd və yaxud pul göndərməyin çünki sonda bu işdə siz zərərli çıxarsınız"- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə