8 gəncə maşinist peşəsi üzrə vəsiqə təqdim edilib - FOTOLAR

Bakı metropoliteninin təşkil etdiyi qatar maşinisti peşəsi üzrə kursları uğurla başa vuran 8 gəncə vəsiqələr təqdim edilib. SİA xəbər verir ki, gənc maşinistlərə vəsiqələri "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov təqdim edib.

O bildirib ki, kursu bu dəfə başa vuran maşinistlərdən biri xanımdır.

İxtisasca fizik olan Türkan Bəylər qızına da digər müdavimlər kimi 4-cü dərəcəli sürücülük vəsiqəsi təqdim olunub.

O da bildirilib ki, 4 mərhələli kurslarda müdavimlər nəzəri ilə yanaşı, təmir-texniki sahədə praktik biliklərə yiyələniblər.

Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris olunub. Hər mərhələnin sonunda imtahanlar keçirilib və nəticələrdən asılı olaraq onlar növbəti mərhələyə buraxılıblar.

Bakı metropolitenində qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir. Həmin vaxt kursa cəlb olunmuş müdavimlər 2019-cu il aprel ayının 1-dən metropolitendə işə qəbul olunublar.

Qeyd edək ki, yeni tipli maşinistlər kursunu indiyədək 70 gənc uğurla başa vurub və hazırda metropoliten qatarlarının maşinisti kimi çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə