Bakı sakinləri bu yayı harada və necə istirahət edəcək? - SORĞU

Bakı sakinləri bu yayı harada və necə istirahət edəcək? - SORĞU

Artıq yay gəlib və ilboyu müxtəlif sahələrdə çalışan işçilər məzuniyyətə çıxmağa başlayıb. Ölkəmizin istirahət üçün əlverişli bir çox rayonu var. Müxtəlif istirahət zonalarında əhalinin istirahəti üçün müxtəlif şəraitlər yaradılıb. Bəs görəsən Bakı sakinləri bu yayı harada və necə istirahət edəcək? SİA mövzu ilə bağlı sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

Paytaxt sakini Səbinə Məmmədova: "Xarici ölkələrin birinə getmək istəyərəm. Xüsusən Türkiyəyə. Daha əvvəl də orada olmuşam. Əsasən təbiət qoynunda olmağı xoşlayıram. Qapalı yerlərdə istirahət etməyi sevmirəm. Təbiətlə iç-içə olmaq mənə daha maraqlı gəlir".

Paytaxt sakini Şahin Mirzəyev: "Mən musiqi sahəsində işləyirəm. Bu ilki istirahətimi rayonlarımızdan birində keçirməyi planlaşdırıram. Quba, İsmayıllı mənə çox maraqlıdır. Əsasən büdcəyə uyğun hərəkət edirəm. Xarici ölkələrə də getməyi çox istəyərdim. Məsələn, İtaliya məni xüsusilə cəlb edir. Oranın tarixi, xalqının yaşam tərzi mənə çox maraqlıdır".

Paytaxt sakini Nərgiz Hidayətzadə: "Məzuniyyətdə övladlarımla səmərəli vaxt keçirtməyi planlaşdırıram. Bu yay Azərbaycanın rayonlarına getmək istəyərəm. Planımda xüsusi bir rayon yoxdur.

Bundan əlavə xaricdə də istirahət etmək mənə çox maraqlıdır. Xüsusən Şri-Lanka diqqətimi çox çəkir. Oranın eqzotik təbiəti məni valeh edir".

Paytaxt sakini Zərifə Məmmədli: "Hazırda oxuyuram. Tətildə tam olaraq neynəyəcəyimi bilmirəm. Qardaşım Türkiyənin İzmir şəhərində oxuyur. Onun yanına, ad gününü qeyd etmək üçün gedəcəyik. Yəqin ki oradan da İstanbula gedərik, oraları gəzərik. Amerikaya çox getmək istəyərdim, bizim qohumlar orada yaşayır, oranı görmək mənə maraqlıdır".

Paytaxt sakini Lamiyə Məmmədova: "Yay tətili üçün böyük planlarım yoxdur. İsveçrəyə, Amerikaya getmək istəyirəm. O ölkələr məni çox cəlb edir. Xüsusən İsveçrənin təbiəti çox gözəldir. Azərbaycanda da istirahət etmək çox maraqlıdır, ancaq restoranların, otellərin qiymətləri çox bahalaşıb. Hazırda gedib xarici bir ölkədə istirahət etməklə, Azərbaycanda istirahət etməyin arasında qiymət cəhətdən ciddi fərq yoxdur".

Paytaxt sakini Etimad Məmmədov: "Mən "Azərsu"nun əməkdaşıyam. Yaxın dönəmlərdə məzuniyyət götürəcəm. Bir az işlərim var onları həll edəcəm sonra da yaxın rayonlarımızın birinə getməyi düşünürəm. Maşallah, rayonlarımızın hamısı bir-birindən səfalıdır. Mən Ağstafalıyam. Rayonumuz çox səfalıdır. Gəzməyə, görməyə kifayət qədər yer var. Bundan əlavə Qax, Şəki, Şamaxı, Nabran çox gözəl rayonlardır. Xüsusən Nabranın soyuq meşələri mənim çox xoşuma gəlir".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə