Azərbaycan gəncliyinin fəlsəfəyə niyə marağı yoxdur? - FİLOSOF AÇIQLADI

"Azərbaycan gəncliyinin fəlsəfəyə marağı eynən rus və ya amerikan və ya alman, isveç gəncliyinin marağı qədərdir. Bəlkə bir az da çoxdur". Bu sözləri SİA-ya verdiyi açıqlamada fəlsəfə elmləri namizədi, dosent Müşfiq Şükürov bildirib.

O, bildirib ki, hər bir halda anlamaq lazımdır ki, fəlsəfəyə olan maraq spesifik bir maraqdır. Bu, məsələn, pop musiqiyə, repə, poeziyaya və s. maraqla eyni müstəviyə qoyula bilməz: "Bütün cəmiyyətlərdə yalnız az bir hissənin fəlsəfi marağı olur. Normal insanlar futbolla yaşarlar, tenislə, pop musiqi ilə yaşarlar.

İntellektual və mənəvi ehtiyaclarını da Hollivud filmləri ilə doyurarlar, uzaqbaşı dedektiv oxuyarlar. Bir daha təkrar edirəm ki, bu nolmaldır. Fəlsəfi kitab oxumaq ehtiyacı çox az insanda aşkarlanan ehtiyacdır. Bu belə də olmalıdır. Sovet zamanı kitablar çox oxunardı. İnsanlar adətən yüngül romanları, dedektivləri kitabxalanalardan alardılar. Amma fəlsəfi kitablar yenə də az oxunardı. Bunu mən 90-ların əvvəlində anladım. Bir dəfə fəlsəfi ehtiyaclarımı dərk edəndə kitabxanadan xəzinə tapdım. Şərq fəlsəfəsi mənbələrinin tərcümələri olan bir kitab (Rus dilində) tapmışdım. Kitab 1972-ci ildə çıxmışdı, ilk oxucusu isə 1992-də mən idim. Çox təəccüblənmişdim. Necə ola bilərdi bu qədər dəyərli kitabı heç kim almamışdı, 20 il ərzində? Amma "Qara Volqa" kitabı oxunmaqdan cırılmışdı. Bu, normaldır. Dünyanın hər yerində də belədir".

Müşfiq müəllimin sözlərinə görə, filosoflar öz oxucu, dinləyici kütləsini formlaşdırmaqla cəmiyyətdə müəyyən həddə bu fəlsəfəyə olan tələbatı artıra bilərlər: "Çox olmasa da, bu da təsirli ola bilər. Qaldı ki, bizdə fəlsəfənin ədəbi çərçivədə axtarılması əksiklik deyil. Şərq insanının fitrətindən irəli gələn məsələdir. Buddanı, Konfutsini oxuyun. Onların fikirləri nə qədər poetikdir. Bizdə də fəlsəfə əsasən Nizami, Nəsimi, Füzuli kimi şairlərin yaradıcılığında sevilib. İndi də belədir. XX əsrin filosofu Asif Ata da fəlsəfəyə ədəbiyyat tənqidindən gəlmişdi. Qərbin "fəlsəfə yapma" üsulunu ideal hesab etmirəm. Müəyyən mənada çürükçü, yorucu üslub təqib edirlər. İndi Qərbə heyran olmaq dəbdir. Amma bu mənə aid deyil. Qərb fəlsəfəsini dərin hesab etmirəm".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə