"Bu iqtisadi baxımdan müsbət haldır" - EKSPERT DANIŞDI

"Hər il ənənəvi olaraq mart ayından başlayaraq avqust ayının sonuna qədər daşınmaz əmlak bazarında torpaq və fərdə aid evlərinə tələbat artır. Həmçinin, bağ evləri kirayəsi, xüsusilə də turistik zonalarda həm alıcı kütləsi, həm də ərazidəki gündəlik evlərə ehtiyac çoxalır". Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, bu iqtisadi baxımdan müsbət haldır: "Bu vəziyyət bölgələrin inkişafına gətirib çıxarır. Paralel olaraq ilin 12 ayında köhnə çoxmənzilli yaşayış binalarına tələbat səngimir. Lakin yaz aylarının gəlməsi digər tərəfdən tikinti materiallarının satışında da yüksək göstəriciyə səbəb olur. Çünki havalar istiləşdikdə torpaq sahəsi alıb, orada fərdi həyət evləri tikir və təmir işləri aparırlar".

Ekspert sözlərinə davam edərək bildirib ki, bu da təbii ki tikinti materiallarının satışı ilə məşğul olan bazarlarda, dükanlarda müştəri çoxluğuna imkan yaradır: "Eyni zamanda, havalar istiləşməyə doğru getdikcə torpaqlarda və fərdi həyət evlərində ənənəvi olaraq qiymət artımı baş verir. Düşünürəm ki, xüsusilə Türkiyədə baş vermiş zəlzələ səbəbiylə həyət evlərinə bu il ötən illərdən daha çox tələbat ola bilər. Bu da öz növbəsində qiymət artımına hər hansı formada öz təsirini göstərəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə