Daha 10 ailə doğma yurda köçürüldü - FOTOLAR

Fevralın 28-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 10 ailə - 50 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Köçürülənlər arasında müxtəlif müvəqqəti məskunlaşma obyektlərində çətin və ağır şəraitdə yaşayan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Onlar Zəngilan rayonunun Ağalı kəndində peşə ixtisaslarına və qabiliyətlərinə uyğun olaraq işlə təmin olunacaqlar.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Ağalı kəndinə növbəti 10 ailənin köçürülməsi martın 3-də təşkil ediləcək. Bununla da kənddə 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olunacaq. Doğma yurda köçürülmə isə davam etdiriləcək.

https://www.youtube.com/watch?v=QWE1IwHw_7A

Bütün xəbərlər Facebook səhifəmizdə