"Dağıntının əsas səbəbi zəlzələ deyil" - EKSPERT DANIŞDI

"Türkiyədə baş verən zəlzələ təbii ki, çox böyük dağıntılara səbəb oldu. Dağıntıya əsas səbəb zəlzələ ilə yanaşı, o ərazilərdə tikilmiş binaların keyfiyyətsiz olması idi. Türkiyədə də əvvəllər "zəlzələyə davamlı" binalar adlı reklamlar edilirdi. Amma həmin reklam olunan binalar da uçub dağıldı. Bununla yanaşı, dağılmış binalarla eyni ərazidə olan və zəlzələdən sonra sağlam şəkildə qalan binaların da şahidi olduq. Deməli, dağıntıya əsas səbəb zəlzələ deyilmiş". Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda tikinti sahəsi tam fərqlidir: "Türkiyədən fərqli olaraq bu sahə ildən-ilə təkmilləşir. Tikintilərə başlanmadan öncə aidiyyatı qurumlardan sənədlər toplanılır, həmin ərazilərdə geoloji analizlər götürülür. Əgər standartlara uyğundursa bu tikintiyə icazə verilir. Bütün tikinti işləri hazırlanan bu layihə üzrə aparılır. Azərbaycanda olan beton zavodlar tikinti şirkətlərinə keyfiyyətlə bağlı sertifikat verirlər".
Ekspert sözlərinə davam edərək bildirib ki, vətəndaş şirkətdən mənzil alarkən binanın qəbul aktının olub-olmaması, fövqəladədən keçməsi ilə bağlı suallar verib haqqını tələb edə bilər: "Çünki binalar tam hazır olduqdan sonra fövqəladədən keçir və bu zaman aidiyyatı üzrə bütün keyfiyyətlər yoxlanılır. Hesab edirəm ki, Azərbaycanda zəlzələ olmayacaq. Çünki bizim ölkə seysmik zonada yerləşmir. Eyni zamanda, bizdəki binalar Türkiyənin zəlzələ bölgəsində olan binalardan daha dözümlüdür".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə