Bakı Metropolitenindəki nasaz eskalatorların aqibəti necə olacaq? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

"Metropoliten stansiyalarında ilk növbədə eskalatorların iş rejimi müəyyən qrafiklə təmin olunur. Bu qrafiklər eskalatorların texniki xarakteristikası, normativlər, sərnişin axını monitorinqləri və digər məsələlər də daxil olmaqla hər bir stansiyanın öz xüsusiyyətlərinə uyğun təyin olunur. Ümumilikdə bununla bağlı Bakı Metropolitenində müntəzəm olaraq eskalatorların nəzarətdə saxlanması, təmiri, qulluğu məsələləri də vaxtlı-vaxtında həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu səbəbdən eskalatorlarla bağlı metropolitendə hər hansı ciddi nöqsan qeydə alınmayıb: "Çox həssas və diqqət tələb edən qurğular olduğundan bu sahəyə də digər spesifik sahələrdə olduğu kimi xüsusi nəzarət mexanizmləri var.

Onu qeyd etməliyəm ki, stansiyada fəaliyyət göstərən eskalatorların biri mütləq şəkildə ehtiyyatda saxlanılmalıdır. Bu, təhlükəsizliyin ən vacib tələblərindən biridir".

B.Məmmədov sözlərinə davam edərək bildirib ki, hər hansısa bir fövqəladə hal, təxirəsalınmaz vəziyyət və xüsusi şərtlər daxilində həmin eskalatorların dərhal işə qoşulması lazım gələ bilər: "Belə hal olduqda təbii ki, enişə və yoxuşa olmaqla eskalatorların fəaliyyəti müvafiq qaydada tənzimlənir. Eskalatorların pik saatlarda enişə doğru ikisinin də işləməməsinin əsas səbəbi məhz platforma səviyyəsi ilə bağlıdır. Ümumən metropolitendə ən vacib məsələ sərnişinin təhlükəsiz daşınmasını təmin etməkdir. Platforma səviyyəsinin bəlli ölçüləri var. Metropolitendə qatarların hərəkəti də bəlli və ən sıx qrafiklə təmin olunur. Lakin sıxlıq şəraiti olan stansiyalarda eskalatorların iş rejimi bütün zonalarda olduğu kimi xüsusi və ciddi nəzarət altında saxlanılır. Pik saatlarda nəzarətin digər formaları da tətbiq olunur və müntəzəm olaraq eskalatorların iş rejiminə bu və digər dəyişikliklər sərnişin axınından asılı olaraq tətbiq olunur. Platforma səviyyəsinin yüklənmə ehtimalı varsa, bu zaman eskalatorlardan birinin işləməsi təhlükəsizliyin vacib elementlərindən biridir. Ən əsası üzüyuxarı olmaqla 4 eskalator olan stansiyalarda onların ikisi pik saatlarda müntəzəm olaraq yuxarı doğru hərəkət edir. Bu isə stansiyanı tərk etmək istəyən sərnişinlərin daha rahat və sürətli hərəkətini təmin edərək platforma səviyyəsini yüklənməkdən qorumaq məqsədi daşıyır. Yəni, bütün tədbirlərin təməlində sərnişinlərin təhlükəsizliyi məsələsi dayanır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə