Yaxın günlərdə Əfv olacaq? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

“Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində əfv sərəncamının imzalanması ehtimal olunur. Bu qərar iki baxımdan çox əhəmiyyətlidir. İlk növbədə, konstitusion institunun tətbiq praktikası genişlənir. Digər tərəfdən də əfv humanizmin təcəssümüdür və Prezidentin müstəsna səlahiyyətinə aid olan hüquqdur. 1995-ci ildən bugünə qədər Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə 68 əfv olub”. Bu sözləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyi yanında ictimai şuranın sədri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, bu il biz çox mühüm bir hadisəni - Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik, bu baxımdan bir çox böyük tədbirlər həyata keçiriləcək: “Bu tədbirlər arasında əfv sərəncamının verilməsi də gözləniləndir. Çünki əfv məsələləri üzrə komissiya artıq yanvar ayının 12-dən iclaslara başlayıb. Keçirilən 3 iclasda 400-ə yaxın müraciətə baxılıb və bu müraciətlərlə bağlı müvafiq rəylərin hazırlanması prosesi gedir. Növbəti iclasda da yüzlərlə müraciətə baxılması nəzərdə tutulur. Ümid edirik ki, Heydər Əliyevin 100 illiyi münasibətilə Prezidentin növbəti əfv sərəncamının imzalamasının şahidi ola bilərik”.

Sədr sözlərinə davam edərək bildirib ki, bu sərəncama kimlərin daxil edilməsi məsələsini Əfv Məsələləri üzrə Komissiya müəyyənləşdirmir: “Komissiya yalnız əfv hüququnun həyata keçirilməsi ilə bağlı təşkilati-texniki dəstək göstərir və cənab Prezidentə təqdim edir. Bütün hallarda bu addım humanizm və mərhəmət prinsiplərinin növbəti dəfə təzahürü olacaq. Bu, öz fəaliyyətlərində neqativ hərəkətlərə, cinayətlərə yol vermiş şəxslərin yenidən azadlığa çıxmaq şansıdır. Bundan öncə qəbul olunmuş əfv sərəncamlarında olduğu kimi, bu dəfə də azadlığa çıxacaq şəxslərin həm öz ailələri, həm də dövlətimizin firavanlığı uğrunda çalışacağını ümid edirik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə