"Heydər Əliyev və Azərbaycan təhsili" adlı tədbir keçirilib - FOTOLAR

YAP İmişli rayon təşkilatının “Cəfərli” ərazi partiya təşkilatında “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının əməkdaşları, “Cəfərli” ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının əməkdaşı Elnur Tağıyev bildirib ki, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri az olmamışdır. Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü 1969-cu il 14 iyun tarixindən başlanılır. İndi ölkəmizdə faliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali eləcədə əlavə təhsil müəssələrinin geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr korpusu öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır.

Çıxış edən “Cəfərli” ərazi partiya təşkilatının sədri Asəf Ələsgərov qeyd edib ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır.

Digər çıxış edənlər vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə